Sutskever: Mövcud süni intellekt modeli tükənir, yeni yanaşmaya ehtiyac var
OpenAI-nin həmtəsisçisi və Safe Superintellekt startapının baş direktoru İlya Sutskever süni intellekt şirkətlərinin “kəşfiyyat dövrünə geri döndüyünü” bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sutskeverin sözlərinə görə, yalnız böyük məlumat bazaları və yüksək hesablama gücü üzərində qurulan yanaşmalar artıq əvvəlki kimi nəticə vermir və şirkətlər “miqyas böhranı” ilə üzləşir.
O vurğulayıb ki, hazırkı neyron şəbəkələri iqtisadi dəyər yaratmaqda çətinlik çəkir, çox səhvlər edir və insanlar kimi ümumiləşdirmə qabiliyyətinə malik deyil. Buna görə də Sutskever özünü öyrənə bilən, istifadəçi ehtiyaclarına uyğunlaşan modellərin yaradılmasını hədəfləyir. Onun sözlərinə görə, belə sistemlər “15 yaşlı uşaq kimi öyrənərək inkişaf edə bilməlidir”.
Sutskever qeyd edib ki, böyük texnoloji şirkətlər süni intellektin real imkanlarını şişirdir və “superintellekt” yaratmaq anlayışına yanlış yanaşır. Əsas məqsədin öz-özünə inkişaf edən sistemlər hazırlamaq olduğunu deyib.
O bildirib ki, 2024-cü ildə yaratdığı Safe Superintellekt startapının əsas məqsədi də məhz bu yeni yanaşmanı formalaşdırmaqdır və hazırda layihə üçün investisiya cəlbi üzərində işləyir.
18:50 27.11.2025
Oxunuş sayı: 1082