Moldovada düşən rus dronu XİN-in girişində sərgiləndi
Moldovanın hava məkanını pozaraq Floreşti rayonunda bir evin damına düşən “Gerbera” tipli, üzərində Z işarəsi olan Rusiya dronu Kişinyovdakı Xarici İşlər Nazirliyinin binası qarşısında nümayiş etdirilib. Dron Rusiyanın Moldovadakı səfiri Oleg Ozerovun nazirliyə çağırılmasından əvvəl XİN-in girişinə yerləşdirilib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, səfirə 25 noyabrda altı dronun Moldovanın hava məkanını qanunsuz keçməsi ilə bağlı etiraz notası təqdim edilib.
Nazirlik hadisəni “tamamilə yolverilməz” adlandıraraq bunun ölkənin suverenliyinin ciddi şəkildə pozulması və milli, həmçinin regional təhlükəsizliyə birbaşa təhdid olduğunu bildirib. XİN Moskvanı beynəlxalq normalara riayət etməyə və Moldovanın təhlükəsizliyini riskə atan addımlardan çəkinməyə çağırıb.
Moldovanın XİN-i eyni zamanda Rusiyanın səfirliyindən oxşar insidentlərin təkrarlanmaması üçün zəruri tədbirlər görməyi tələb edib.
Pərvin Hacıyeva
13:25 27.11.2025
Oxunuş sayı: 1553