Qvineya-Bisauda hərbi çevriliş: Prezident Umaru Sisoku Embalo hərbçilər tərəfindən saxlanılıb
Qvineya-Bisauda siyasi gərginlik pik həddə çatıb. Ölkədə hərbi çevriliş baş verib və prezident Umaru Sisoku Embalo hərbçilər tərəfindən saxlanılıb.Prezident Embalo şəxsən redaksiya ilə əlaqə saxlayaraq baş verən hadisəni təsdiqləyib.
Hadisə ilə bağlı yayılan ilkin məlumatlara əsasən, ölkənin silahlı qüvvələri hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.Hərbçilər hazırda ölkə üzərində tam nəzarətə malik olduqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki,hazırda paytaxt Bissau şəhərində vəziyyət gərgin olaraq qalır. Şəhərin əsas inzibati binaları və strateji obyektləri hərbçilər tərəfindən nəzarətə götürülüb. Yerli sakinlər arasında təşviş müşahidə olunur, bir çoxları evlərini tərk etməyə cəhd göstərir.
Prezident Embalonun hakimiyyəti dövründə ölkədə siyasi sabitlik və iqtisadi islahatlar istiqamətində bir sıra addımlar atılsa da, daxili siyasi çəkişmələr və ordu ilə münasibətlərdə gərginliklər zaman-zaman gündəmə gəlmişdi.
Hazırda beynəlxalq ictimaiyyət hadisələri diqqətlə izləyir. Afrika İttifaqı və BMT baş verənlərlə bağlı narahatlıqlarını ifadə edərək, konstitusiya quruluşunun bərpasına çağırış ediblər. Qonşu ölkələrdə də vəziyyətlə bağlı narahatlıq müşahidə olunur.
Nastya Qəniyeva
19:23 26.11.2025
Oxunuş sayı: 838