Münsterdə Azərbaycan və türk diasporlarının əməkdaşlığı müzakirə olunub
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev və müavini Ramiz Qasımov Türkiyə Respublikasının Almaniya Federativ Respublikasının Münster şəhərindəki Baş Konsulluğunun birinci dərəcəli baş konsulu Mehmet Özgün Armanla görüşüb.
Crossmedia.az xəbər verir ki, mərkəzin sədri Zaur Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı bütün türk xalqına başsağlığı verib, şəhid olanların ailələrinə səbr diləyib. O, Türkiyə və Azərbaycanın yalnız siyasi müttəfiq deyil, həm də tarixi və mənəvi bağlarla birləşən qardaş ölkələr olduğunu ifadə edib.
Görüşdə, həmçinin Avropada “Bir millət, iki dövlət” prinsipinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkilib. Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişafının əsas prioritetlərdən biri olduğu vurğulanıb. Gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi barədə qarşılıqlı razılıq əldə olunub.
18:08 26.11.2025
Oxunuş sayı: 714