Rusiya və Ukrayna sülh hələ yaxın deyil, münaqişə davam edəcək – BƏDBİN PROQNOZ
Son günlər Ukrayna münaqişəsi ətrafında Kremldən gələn açıqlamalar yenidən beynəlxalq aləmin diqqət mərkəzinə çıxıb. Xüsusilə Kremlin sözçüsü Dmitri Peskovun “sülh razılaşmasının yaxın olduğu barədə deyilənlər vaxtından əvvəldir” fikri diqqət çəkir. O, həmçinin müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da sülh prosesini çətinləşdirməyə və pozmağa çalışan qüvvələrin mövcudluğu barədə mesajlar verərək, beynəlxalq ictimaiyyətdə yeni suallar və müzakirələr yaradıb. Bu açıqlamalar, mövcud vəziyyətin hələ də mürəkkəb olduğunu, diplomatik səylərin davam etdiyini və sülh prosesinin sürətlə irəliləmədiyini göstərir. Analitiklər hesab edirlər ki, Kreml rəsmilərinin bu tip bəyanatları həm daxili siyasətə, həm də xarici tərəfdaşlarla danışıqlara təsir göstərmək məqsədi daşıya bilər.
Mövzu barəsində politoloq Turab Rzayev Crossmedia.az-a açıqlamasında bildirib ki, burada sülh üçün ciddi çalışmalar aparılır: “Ən azından biz Trampın sülhə nail olmağa çalışdığını görürük. Tramp açıq şəkildə Avropa maraqlarını ön plana çıxarmaqla və müəyyən qədər də Rusiyanın tezislərini nəzərə almaqla çalışır ki, burada bir sülh yaransın. Amma buna ciddi müqavimət var. Bir tərəfdən Avropa İttifaqı Trampın 28 maddəlik təklifinə qarşı 24 maddəli əks təklif hazırlayıb. Bu təklif faktik olaraq Trampın planından xeyli fərqlənir. Çünki Tramp faktik olaraq Rusiyanın tezislərini də nəzərə almışdı. Məsələn, onun planına görə Ukrayna NATO-ya qoşula bilməyəcəkdi, Donbas Rusiyanın nəzarətində qalacaqdı, münaqişə müəyyən qədər dəyərləndiriləcəkdi və Ukrayna ordusu məhdudlaşdırılacaqdı’’.

Politoloq qeyd edib ki, Avropa isə təklifində daha çox Ukraynanın suverenliyinə hörmət, NATO-ya qoşulma hüququ və digər əsas məsələləri ön plana çıxarır: ‘’Bundan başqa, Tramp planında Ukraynanın iqtisadi resursları Avropanın nəzarətinə verilirdi və həmçinin böyük maliyyə yardımı tələb olunurdu ki, bu da Avropa tərəfindən qəbul ediləsi deyil. Digər tərəfdən, Ukrayna özü də Trampın planına qarşı çıxır. Məsələn, orduyu azaltmamaq, NATO məsələsində güzəştlərə getməmək kimi mövqelərini açıq şəkildə bildirir. Həmçinin Vaşinqton da planı yenidən gözdən keçirərək əvvəlki 19 maddəli planı 22 maddəli yeni əks planla əvəz edib. Bütün bunlar göstərir ki, münaqişə hələlik uzanacaq və sülh prosesinin yaxın zamanda nəticələnməsi çətin görünür’’.
Sevinc Yarməmmədova
19:16 26.11.2025
Oxunuş sayı: 757