Gürcü nazir: Azərbaycanın ağıllı kənd modeli təcrübəsinin öyrənilməsində maraqlıyıq
Gürcüstan aqrar sahədə rəqəmsallaşma, ağıllı kənd modeli, istixanaların yaradılması sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində və bu istiqamətlərdə əməkdaşlıqda maraqlıdır.
Crossmedia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Məcnun Məmmədovun Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili deyib.
Səfər çərçivəsində iki nazir arasında ikitərəfli, daha sonra nümayəndə heyətləri arasında geniş tərkibli görüş keçirilib. Görüşlərdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
D.Sonqulaşvili Gürcüstanla Azərbaycanın dost ölkə olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır.
M.Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi, ikitərəfli ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün işgüzar dairələrimiz arasında əlaqələrin gücləndirilməsi, ixracyönümlü məhsullar haqqında mütəmadi məlumat mübadiləsinin təmin edilməsi, torpaqların konsolidasiyası, transsərhəd xəstəliklər, zərərvericilər, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin aparılması, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakın təmin edilməsi, gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirə olunan məsələlər üzrə konkret fəaliyyət planının hazırlanması, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı birgə İşçi Qrupun yaradılması barədə qarşılıqlı razılıq əldə olunub.
19:57 26.11.2025
Oxunuş sayı: 665