HƏMAS silahı yerə qoyub siyasi proseslərə qoşulacaq
Fələstinin HƏMAS rəhbərliyi təşkilatın gələcəyinə dair danışıqlar aparır və mümkün variant kimi silahların təhvil verilməsini nəzərdən keçirir.
Crossmedia.az Asharq Al-Awsat-a istinadən xəbər verir ki, müzakirə olunan əsas təklif HƏMAS-ın silahlı qanadının buraxılması və onun siyasi təşkilata çevrilməsidir. Mənbələr bildirir ki, bu addım HƏMAS-a Fələstin siyasi, iqtisadi və ictimai həyatında iştirak imkanını genişləndirəcək. Təşkilatın “Fələstin Azadlıq Təşkilatı”na qoşulması ideyası da masa üzərindədir.
Mənbələrin sözlərinə görə, iki illik müharibə və on minlərlə fələstinlinin ölümü fonunda HƏMAS daxil dəstəyin əhəmiyyətli hissəsini itirib. Silahların təhvil verilməsi məsələsi Misir, Qətər, Türkiyə və dolayı olaraq ABŞ-la müzakirə olunub. Bildirilir ki, yekun qərar yalnız fələstinlilər arasında milli razılaşma yolu ilə verilə bilər.
Qəzet yazır ki, silahlı qanadın buraxılması ilə bağlı təklif artıq HƏMAS siyasi bürosuna təqdim olunub.
Sevinc Yarməmmədova
16:36 26.11.2025
Oxunuş sayı: 578