Əcnəbi solistlər xalq mahnılarımızı ifa ediblər
Almaniyanın Bad Pyrmont şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin beşilliyi münasibətilə konsert təşkil olunub.
Crossmedia.az xəbər vedrir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Almaniya Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Bəstəkar Xədicə Zeynalova çıxış edərək ölkəmizin mədəni irsi, musiqi ənənələri və xalqımızın şanlı Zəfəri haqqında geniş məlumat verib.
Konsert proqramında Xədicə Zeynalovanın yaratdığı və müxtəlif ölkələrdən musiqiçi və solistlərdən ibarət beynəlmiləl tərkibli “Bridge of Sound” ansamblının üzvləri — Alexey Moos (skripka və konsertmeyster), Vsevolod Khuotarinen (akkordeon ifaçısı), Maciej Wlodarski (violonçel), Xədicə Zeynalova (orqan ifaçısı), eləcə də vokal solistlər soprano İrina Trutneva, mezzo-soprano Marina Paşinskaya və tenor Peng Tian çıxış ediblər. Xarici solistlərin ifasında “Ay Laçın”, “Qaladan qalaya”, “Ay Dilbər” və digər xalq mahnılarımızın bəstəkarın yeni aranjemanında səsləndirilməsi sürəkli alqışlara səbəb olub. Xədicə Zeynalovanın yeni monumental “Ave Maria” əsərinin ifası böyük maraqla qarşılanıb.
Konsertin sonunda izləyicilər Azərbaycan xalq mahnılarının Almaniyanın digər şəhərlərində də ifa olunması və musiqimizi daha yaxından tanımaq istəklərini dilə gətiriblər.
18:50 25.11.2025
Oxunuş sayı: 1562