ABŞ-də yaşayan soydaşımızın İçərişəhərdə rəsm sərgisi keçirilib
ABŞ-də yaşayan Azərbaycan əsilli rəssam Lalə Bağırzadənin “Fırçanını səsləri: Sevilən torpaqlardan keçən səyahət” adlı fərdi rəsm sərgisi keçirilib.
Crossmedia.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-də fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü ilə İçərişəhərdəki Bakı Fotoqrafiya Evində baş tutub. Burada rəssamın müxtəlif mövzulara həsr olunan 20-yə yaxın rəsm əsəri sənətsevərlərə təqdim edilib.
Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların milli-mədəni kimliyinin qoruması, yaradıcı fəaliyyətinin inkişaf etdirilməsi və dünyaya tanıdılması üçün dövlət səviyyəsində daim dəstək göstərildiyini vurğulayıb, soydaşımıza yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, “İçərişəhər” Tarixi - Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova - Mustafayeva, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal və digərləri çıxışlarında rəssamın yaradıcılığının milli mədəniyyətimizin təbliğindəki rolunu yüksək qiymətləndiriblər. Soydaşımızın əsərlərinin Azərbaycan torpaqlarının ruhunu, gözəlliyini və duyğusal enerjisini tamaşaçıya incəliklə çatdırdığını söyləyiblər.
Rəssam Lalə Bağırzadə sərgiyə verilən dəstəyə görə təşkilatçılara və iştirakçılara təşəkkür edib, Azərbaycan mədəniyyətini dünyada tanıtmaq üçün bundan sonra da ardıcıl fəaliyyət göstərəcəyini bildirib.
Sonda Aprel şəhidi Urfan Vəlizadənin yadigarı Betül Vəlizadə rəssam Lalə Bağırzadəyə kiçik bir xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, soydaşımız sərgidən öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid uşaqları üçün rəsm üzrə ustad dərsi keçib. Dərsdə uşaqların çəkdikləri Şuşa qalasının Gəncə qapısı şəkilləri də bu sərgidə nümayiş olunub.
Bakıya səfəri müddətində Lalə Bağırzadə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla da görüşüb. Görüşdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
17:40 25.11.2025
Oxunuş sayı: 910