“Joxovurd”: Paşinyan kilsəyə təzyiq üçün xüsusi ruhani qrup formalaşdırıb
Erməni mənbələrinin məlumatına əsasən,Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin maraqlarına uyğun çalışan və fəaliyyət planı hazırlayan din xadimlərindən ibarət qrup formalaşdırılıb.
Crossmedia.az “Joxovurd”-un yaydığı məlumatlara istinadən xəbər verir.
Nəşrin məlumatına görə, həmin din xadimləri daxili müzakirələrdə Katolikos II Qaregindən və onun ətrafındakı şəxslərdən danışaraq, guya onların səbəb olduğu “antikilsə kampaniyasını” vurğulamalıdırlar. Məqsəd kilsə daxilində narazılıq yaradaraq katolikos əleyhinə təzyiqi gücləndirməkdir.
Mənbələr qeyd edir ki, bu fəaliyyət nəticəsində Ermənistan Apostol Kilsəsində narazılığın artacağı və II Qareginə qarşı üsyan baş verə biləcəyi ehtimal olunur.Belə olarsa, katolikos Etchmiadzindakı yaşayış yerini tərk etmək məcburiyyətində qala bilər.
“Joxovurd” yazır ki, Paşinyan şəxsi söhbətlərində kilsəyə təzyiqin yaxın günlərdə daha da artacağını və hakimiyyətin istədiyi nəticəyə nail olacağını deyib.
Məlumatlara əsasən, II Qaregin tərəfindən rütbədən məhrum edilən keşiş Ter Aram (Stepan Asatryan) katolikosun əleyhinə fəaliyyət göstərəcək qrupun rəhbəri olacaq. O, hakimiyyətdən geniş təminatlar alıb və proses sonunda kilsəyə qaytarılacağı, rütbədən məhrumetmə qərarının ləğv ediləcəyi iddia olunur.
Nastya Qəniyeva
13:10 25.11.2025
Oxunuş sayı: 1239