Soydaşımız Türk Amerika Ticarət Palatasının vitse-prezidenti vəzifəsinə seçilib
ABŞ-dəki Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova Türk Amerika Ticarət Palatasının (TACCS) vitse-prezidenti seçilib.
Crossmedia.az xəbər verir ki, UNEC-in Biznes Məktəbinin MBA proqramının məzunu olan Esmira Bayramova hazırda Kembric Universitetində təhsilini davam etdirir. O, ABŞ-də fəaliyyət göstərən Kosmik və Süni İntellekt Texnologiyaları şirkətində Baş Mühəndislik Meneceridir. Diaspor fəaliyyəti ilə məşğul olan soydaşımız, həmçinin Florida Azərbaycan İcmasının təsisçisidir.
Qeyd edək ki, TACCS biznesmenlərin, sahibkarların fikir, strategiya və təcrübələrini bölüşmək üçün bir araya gəldiyi platformadır. TACCS-in məqsədi ABŞ-də və xaricdəki üzvlər arasında tərəfdaşlıqların gücləndirilməsinə, məlumat mübadiləsinin inkişafına, biznes imkanlarının təşviqinə uyğun mühit yaratmaqdır. Təşkilatın əsas hədəfi üzvlərin bütün potensialını açmaq, onların qlobal bazarda inkişafına lazım olan alətlər, resurslar və şəbəkələrlə təmin etməkdir.
18:03 24.11.2025
Oxunuş sayı: 1376