Şəmil Sadiq Gəncədə kitab sərgisində niyə iştirak eləməyəcək? - Açıqlama
Gəncə Kitab Sərgisi ölkəmizin ədəbi-mədəni həyatında önəmli yer tutan illik tədbirlərdən biridir. Sərgi ədəbi irsin qorunması, mütaliəyə marağın artırılması və oxucu ilə yazarların bir araya gətirilməsi məqsədilə keçirilir. Tədbir çərçivəsində tanınmış nəşriyyatlar, yazıçılar, şairlər və ədəbi ictimaiyyət nümayəndələri iştirak edir.
Sərgidə yeni nəşrlərin təqdimatı, imza saatları, şeir gecələri və uşaqlar üçün nağıl saatları kimi müxtəlif proqramlar təşkil olunur. Həmçinin sərgidə kitablar endirimli qiymətlərlə təqdim edilir, bu isə oxucular üçün əlverişli alış imkanları yaradır.
Gəncə Kitab Sərgisi həmçinin Nizami Gəncəvi irsini təbliğ edən bir platforma kimi çıxış edir və şəhərin ədəbi-mədəni həyatına xüsusi rəng qatır. Bu tədbir, ədəbiyyata olan marağı artırmaqla yanaşı, cəmiyyətin intellektual inkişafına da xidmət edir.
Bu tədbirin əsas təşkilatçısı olan yazıçı Şəmil Sadiq isə bu tədbirdə olmayacağını öz sosial şəbəkə hesablarından bildirib. Bu isə öz növbəsində cəmiyyətdə maraq oyadıb.
Məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama verən Şəmil Sadiq iştirak etməməyin səbəbsiz olmadığını bildirib:

"Bu gün Gəncə şəhərində 4-cü Kitab Sərgisi keçirilir. Mən isə bu dəfə sərgidə iştirak etmirəm. Uzun müddət düşündüm ki, bununla bağlı açıqlama verim, yoxsa yox. Lakin hesab edirəm ki, bu barədə məlumatlandırılmağınız vacibdir.
Artıq 5 ildir ki, Azərbaycan Nəşriyyatlar Assosiasiyası fəaliyyət göstərir və biz hər il olduğu kimi, bu il də Gəncədə kitab sərgisinin təşkilinə töhfə vermişik. Mən, Şəmil Sadiq olaraq, komanda yoldaşlarımla birlikdə birliyin inkişafı, güclənməsi və hər sərginin yüksək səviyyədə keçirilməsi üçün daim əlimdən gələni etmişəm. Bu il keçirilən sərgi də 21, 22 və 23 tarixlərində davam edəcək.
Təəssüf hissi ilə bildirirəm ki, bu dəfə sərgidə iştirak etməyəcək, açılış mərasimlərinə qatılmayacağam. Səbəb isə heç də gizli deyil və bunu sizinlə bölüşmək istəyirəm. Çünki indiyə qədər hər bir sərginin hazırlıq prosesində və keçirilməsində sonadək yanında olmuşam. Bu dəfə də Gəncə sərgisinin təşkilinə qədər bütün işlərdə fəal iştirak etmişəm. Mədəniyyət Nazirliyinin və BP-nin böyük dəstəyi var və bu proseslərin hər birinə birbaşa qoşulmuşam".
Yazıçı, həmçinin konkret olaraq niyə işitak etmədiyinin səbəbini də qeyd edib:
"Bu gün açıqlama yayaraq sərgidə iştirak etməyəcəyimi bildirdim. Səbəb çox sadədir: kitabın, maarifləndirmənin və gəncliyin inkişafı üçün daim çalışan biri olaraq bu dəfə Azərbaycanı—ANAİB-i—Qazaxıstanda keçiriləcək Turan Kitab Sərgisində təmsil etməliyəm. Bu gün axşam Qazaxıstana yola düşürəm və Türküstan şəhərində keçiriləcək kitab sərgisində çıxışımla və kitablarımızla iştirak edəcəyəm.
Bu səbəbdən Gəncə Kitab Sərgisində fiziki olaraq iştirak edə bilməyəcəyəm. Amma nə edək? Kitab oxumağı təşviq etmək üçün müxtəlif yollar axtarır, çalışırıq ki, daha çox insan kitabla tanış olsun, maariflənmiş olsun.
Artıq sərgi fəaliyyətə başlayıb. Məncə, fürsəti qaçırmayın, gedin, baxın, tanış olun. Hər şeyin yaxşı olacağına inanıram".
Elmir Heydərli
21:26 21.11.2025
Oxunuş sayı: 2422