Putin həyatının risk altında olacağını anlayırdı…- Ekspert
ABŞ tərəfindən Ukrayna–Rusiya münaqişəsinin həlli üçün hazırlanan yeni “sülh planı” ilə bağlı yayılan məlumatlar region və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. “The Telegraph”ın məlumatına görə, təklif olunan plan Ukraynanın Donbas regionunu müəyyən şərtlərlə Rusiyaya icarəyə verməsini, əraziyə dair rəsmi suverenliyin isə Kiyevdə qalmasını nəzərdə tutur. Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması, ölkəyə xarici qoşunların gətirilməsinin qadağan edilməsi, ABŞ hərbi yardımının dayandırılması, eləcə də bəzi dillərarası və dini status məsələlərinin dəyişdirilməsi kimi mühüm müddəalar əksini tapıb. Bu təşəbbüs həm regional təhlükəsizlik, həm də Ukraynanın dövlət suverenliyi baxımından ciddi suallar doğurur.
Siyasi şərhçi Cavanşir Abbaslı bu barədə Crossmedia.az-a bildirib ki, artıq Ukrayna savaşının sonu ilə bağlı müəyyən nəticələrə gəlinməyə başlanılıb:“Müharibənin 2022-ci il 24 fevral tarixində başlamasından etibarən biz — mən də daxil olmaqla, ətrafımdakı ekspertlər — bu prosesin mümkün nəticələrini proqnozlaşdırmışdıq. Vladimir Putinin çıxışlarına əsaslanaraq görünən idi ki, o, müəyyən nəticəyə çatmasa hakimiyyətinin və bəlkə də, həyatının risk altında olacağını anlayırdı".

O əlavə edib ki, təklif olunan sülh planı faktiki olaraq Ukraynanın bir dövlət kimi kapitulasiya sənədinə imza atması üzərində düşünülüb: “Həmin dövlətin 20 faiz ərazisi işğal olunub, amma plan bu faktı nəzərə almır. Tarix boyu belə olub: Qərb ölkələri qurbanlar verdirir, amma kənardan seyirçi qalırlar. Ukrayna məsələsinə də bu prizma ilə yanaşmaq lazımdır".
C.Abbaslı Donbas bölgəsi ilə bağlı planın bəndlərinə toxunaraq bildirib: “Sənəddə Krım, Luqansk və Donetsk ərazilərinin de-fakto Rusiya ərazisi kimi tanınması nəzərdə tutulur. Donbasın Rusiyaya icarəyə verilməsi məsələsi gündəmə gələcək və böyük ehtimalla uzunmüddətli olacaq. Tarixi təcrübə göstərir ki, bu tip icra müddətləri başa çatdıqdan sonra geri qaytarılma praktiki olaraq mümkün olmur. Eyni vəziyyət 1918-ci il 29 mayda İrəvanın 99 illik icarəsi zamanı da baş vermişdi".
Şərhçi vurğulayıb ki, dünya sürətlə dəyişir və balans daim yenilənir: “Donbasın 3–5 illik icarəyə verilməsi mümkün deyil. Qalib tərəf Rusiyadırsa, onun rəhbəri Putin kimi təcrübəli siyasətçidirsə, qısa müddətli icazəyə razılaşmaz. Sülh bəndlərinə baxanda diktə edən tərəf Rusiyadır. Donbas birdəfəlik Rusiyaya verilə və de-fakto dünya ölkələri tərəfindən Rusiya ərazisi kimi tanına bilər".
Mehriban Yariyeva
19:06 21.11.2025
Oxunuş sayı: 1435