Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri Portuqaliyada mükafatlandırılacaq
XXXVII Beynəlxalq Turzim Filmləri Festivalının (CIFFT) rəsmi açılışı dekabrın 4-ü, mükafatlandırma mərasimi isə dekabrın 5-də Portuqaliyanın Guimaraes şəhərindəki "Teatro Jordano"da təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, tədbirdə turizm sənayesi üzrə ilin ən yaxşı turizm filmləri mükafatlandırılacaq.
Festivalda dünyanın hər yerindən turizm mütəxəssisləri, yaradıcı agentliklər, istehsal şirkətləri, media nümayəndələri, eləcə də İspaniya, İsveçrə, İsveç, Polşa, Avstriya, Bosniya və Herseqovina, Kolumbiya, Birləşmiş Krallıq, Almaniya, Yunanıstan, Mərakeş və digər ölkələrdən milli və beynəlxalq qonaqlar iştirak edəcəklər.
Guimaraes meri Ricardo Araujo bildirib ki, mükafatların təqdimatının ilk dəfə bu şəhərdə keçirilməsi bələdiyyə üçün olduqca mühüm mədəni, iqtisadi və strateji fürsətdir. "Portuqaliyanın beşiyi" və unikal tarixi və simvolik irsin sahibi kimi tanınan Guimaraes bu beynəlxalq tədbir üçün nüfuzlu bir məkandır.
CIFFT direktoru Aleksandr V.Kammel isə Şimali Portuqaliyanın zəngin irsi, təbii müxtəlifliyi və innovasiya qabiliyyəti ilə tanındığını və ilin ən yaxşı istehsallarını qeyd etmək üçün ideal məkanı məhz Guimaraesdə tapdıqlarını söyləyib.
Onun sözlərinə görə, hər il turizm audiovizual məzmununa həsr olunmuş aparıcı beynəlxalq müsabiqə olan CIFFT-də təxminən 50 ölkədən 4000-dən çox tanıtım videosu iştirak edir:
"Tədbirdə dünyanın ən yaxşı turizm filmləri beş əsas kateqoriya üzrə mükafatlandırılacaq. Bu kateqoriyalara Şəhər tanıtımı, Region tanıtımı, Ölkə tanıtımı, Turizm məhsulları və Turizm xidmətləri daxildir. Festivalda həmçinin xüsusi fərqlənmələr də təqdim olunacaq".
Mükafatlar arasında həmçinin "Turizm Mətbuat Mükafatı" və ilk dəfə olaraq İspaniyanın Normmal Agentliyi ilə tərəfdaşlıqda və Ümumdünya Turizm Təşkilatının (UNWTO) iştirakı ilə yaradılan "GreenWorking Mükafatları" yer alıb. Bu mükafatlar məsuliyyətli turizm prinsiplərinə uyğun mesajlar və təcrübələr çatdıran audiovizual məhsullara verilir.
Eyni zamanda tədbir çərçivəsində iştirakçılar şəbəkə sessiyalarına, ekspert panellərinə və təyinat marketinqi, yaradıcı sənaye və kommunikasiya sahəsində liderlər arasında mübadiləni təşviq edən mədəni təcrübələrə çıxış əldə edəcəklər.
Xatırladaq ki, "Global Media Group"a daxil olan "Kaspi" qəzetinin əməkdaşı Təranə Məhərrəmova artıq ikinci ildir festivalın münsiflər heyətində təmsil olunur.
10:31 21.11.2025
Oxunuş sayı: 1415