Praqada “Azərbaycan mədəniyyətinin xaricdə təbliği” mövzusunda tədbir keçirilib
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Evində “Azərbaycan mədəniyyətinin xaricdə təbliği” mövzusunda tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, evin rəhbəri, yazıçı Leyla Begim Cəfərova çıxış edərək Azərbaycanın zəngin tarixi irsinin və mədəni dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb. O, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evləri, diaspor təşkilatları və mədəniyyət mərkəzlərinin bu məqsədlə ardıcıl layihələr həyata keçirdiyini qeyd edib. Soydaşlarımızın bu prosesə böyük töhfə verdiyini, onların təşəbbüskarlığının və fəallığının dünya miqyasında Azərbaycan mədəniyyətinin tanıdılmasına mühüm dəstək olduğunu söyləyib.
Tədbirdə Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə həyata keçirilən mədəni layihələr haqqında məlumat verilib. Praqada çex dilində səhnələşdirilən “Cəngavər hərəkəti” tamaşasının görkəmli Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın həyatına həsr olunduğu bildirilib. Bu tamaşanın yerli auditoriyaya təqdim olunmasının Azərbaycan tarixinin və Qarabağın mədəni irsinin tanıdılması baxımından önəmi vurğulanıb.
01:00 20.11.2025
Oxunuş sayı: 1265