Azyaşlı soydaşlarımız üçün “Doğma dilim” kitabı təqdim olunub
Səudiyyə Ərəbistanı Krallığında Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətanət Süleymanovanın (Duyğulu) “Doğma dilim” adlı kitabının təqdimat mərasimi baş tutub.
Crossmedia.az xəbər verir ki, tədbirdə müəllif əsərin ideya-məzmunu, ana dilimizin saflığının qorunması və milli kimliyimizin möhkəmlənməsində dilin rolu barədə çıxış edib, "Bu Zəfər" adlı şeirini səsləndirib. Qeyd edib ki, bu, sadəcə, uşaq kitabı deyil, eyni zamanda dilimizin işığı, Vətənimizin səsi və Azərbaycanın qürbətdə döyünən ürəyidir. O, kitabın azərbaycanlı uşaqlarda milli ruhun, dil sevgisinin və vətənpərvərlik duyğularının formalaşmasına mühüm töhfə verəcəyini bildirib.
Çıxışlarda Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs edilib. Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqımızın birliyini və qəhrəmanlıq ruhunu təcəssüm etdirdiyi, Dövlət Bayrağı Gününün isə müstəqilliyimizin, azadlığımızın və milli kimliyimizin rəmzi olduğu diqqətə çatdırılıb.
Sonda azyaşlı soydaşlarımız vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Onlara kitab hədiyyə edilib.
17:14 19.11.2025
Oxunuş sayı: 1148