Vətən müharibəsində Zəfərin 5-ci ildönümü Rustavidə qeyd olunub
Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib, ardınca Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Crossmedia.az xəbər verir ki, mərkəzin direktoru Raida Dərziyeva çıxışında Azərbaycan xalqının Vətən müharibəsindəki şanlı Qələbəsi haqqında ətraflı məlumat verib. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeritdiyi müdrik siyasətin, Azərbaycan əsgərinin şücaətinin və xalqımızın əzminin sayəsində mümkün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şagirdlərin ədəbi-bədii kompozisiyası tədbirə xüsusi rəng qatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə ünvanlanan müraciət oxunduqdan sonra uşaqlar şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib, mahnılar və rəqslər ifa ediblər.
İctimai fəal Bəhram İsayev, şair-publisist Rafiq Hümmət, müəllimlər Mədinə Həsənova, Vüsalə Rəhimova, Svetlana İsayeva, Nurlana Məmmədova, Alidə Kazımova və digərləri çıxışlarında duyduqları qürur və iftixar hisslərini dilə gətiriblər.
Tədbirin sonunda Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.




04:27 19.11.2025
Oxunuş sayı: 1235