Azərbaycanın şanlı Zəfəri Sadaxlıda qeyd olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində fəaliyyət göstərən “Təhsil və İnteqrasiya Mərkəzi”ndə şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzin rəhbəri Samir Şərifov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, güclü siyasi iradəsi və möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində möhtəşəm Qələbə qazandığını və ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini deyib. O, bu Zəfərin müasir tariximizin ən parlaq və qürurverici səhifəsi olduğunu vurğulayıb.
Digər natiqlər Azərbaycanın müstəqillik və suverenlik yolunda keçdiyi şərəfli yoldan, eləcə də böyük Zəfərin xalqımızın taleyindəki xüsusi əhəmiyyətindən söz açıblar.
Şagirdlər öz növbələrində Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


23:35 18.11.2025
Oxunuş sayı: 1247