“Mənəm, mən...” tamaşası yenidən səhnədə
YUĞ Dövlət Teatrının səhnəsində yazıçı İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Mənəm, mən...” tamaşası yenidən tamaşaçılara təqdim olunub.
Crossmedia.az xəbər verir ki, səhnə əsərinin mərkəzində duran Seyid Əli obrazı ustadına və onun simasında Allaha, İslam dininə bağlı bir insan kimi təqdim edilir. Lakin onun bu bağlılığının kor-koranə olması artıq ilk epizodlardan aydın görünür. Seyid Əlinin əsas məqsədi hürufiləri “dinsiz” hesab edərək bütün Şərqdə onları məhv etməkdir. Tamaşa da məhz ustadının ona həqiqi Nəsimini tapmaq barədə verdiyi göstərişlə başlayır.
Seyid Əli əmrə tabe olaraq hürufi ardıcıllarını bir-bir dindirməyə başlayır. Onun qarşılaşdığı hürufilər, alim, aşiq, xəttat, şair və övliya - “Nəsimi mənəm” deyərək hürufizmin insanı ucaldan fəlsəfəsindən söz açır. Hər hürufi ilə görüş Seyid Əlinin dini və elmi həqiqətlərə baxışını dəyişdirir, onun düşüncəsində yeni qapılar açır.
İlk səhnədə qarşısına çıxan hürufi alim Seyid Əliyə ərəb əlifbasındakı 28 hərfin, onların İslam və Qurandakı əksinin mənəvi mahiyyəti barədə danışır. Ardınca səhnəyə daxil olan digər obrazlar da hürufizmin əsasında dayanan fəlsəfi ideyaları açıqlayaraq, Seyid Əlini doğru yola çəkməyə çalışırlar.
Bu obrazların hər biri hürufizmin yaradıcı halqasının bir parçəsini təşkil edir və tamaşa boyu zəncirvari şəkildə bir-birinə bağlanaraq yekunda bütöv bir sima - Nəsimi obrazını formalaşdırır. Sonda Seyid Əli anlayır ki, hər insan kimi onun daxilində də bir “Nəsimi” var. Lakin bu idraka gec çatır: ustadı Şeyx Əzəm onu hürufilərə divan tutmaqda günahlandıraraq ölüm cəzasına məhkum edir.
Yazıçı İlqar Fəhmi Nəsimi obrazını yalnız şair və filosof kimi deyil, həm də dərviş, sufi, aşiq, alim və bütövlükdə insan kimi kompleks şəkildə təqdim edib. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı isə Xalq artisti Aygün Səmədzadədir.
Səhnədə Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov çıxış edirlər.
Qeyd edək ki, “Mənəm, mən...” tamaşası son dəfə 2024-cü il iyulun 12-də nümayiş olunub.
Ayan Sədi
21:28 16.11.2025
Oxunuş sayı: 1232