Moldovada raket və dron həyəcanı
Moldova Prezidenti Maya Sandu bildirib ki, Rusiyaya məxsus olduğu deyilən beş hava hücum vasitəsi, o cümlədən “Banderol” raketləri və dronlar ölkənin hava məkanını pozaraq Moldova ərazisində partlayıb.
Crossmedia.az xəbər verir ki, Sandu Rusiyanın Ukraynaya hücumlarının artıq Moldovaya təhlükəli şəkildə yaxınlaşdığını bildirib.
Moldova Xarici İşlər Nazirliyi də hadisəni kəskin şəkildə pisləyib. Nazirliyin məlumatına görə, dron qalıqları Kauşeni yaxınlığında, Dubovka kəndi ətrafında, Delakau ilə Puhaceni yaşayış məntəqələri arasında və Krokmaz yaxınlığında aşkarlanıb. Hadisələrdən birində bitki örtüyündə yanğın baş verib, həmçinin əmlaka ziyan dəyib.
Rusiya tərəfi Moldovanın bu son ittihamlarına dərhal münasibət bildirməyib. Bundan əvvəl isə Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldova tərəfinin dronların Rusiya mənşəli olduğuna dair sübut təqdim etmədiyini bildirib.
Qeyd edək ki, son bir həftə ərzində Moldovanın hava məkanının bir neçə dəfə pozulduğu bildirilir. Sentyabrın 30-da üç dronun Moldova hava məkanına daxil olması ilə əlaqədar Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılmış və ona etiraz notası təqdim edilmişdi.
14:14 03.10.2026
Oxunuş sayı: 48