Şanlı Zəfərimiz Dmanisidə qeyd olunub
Gürcüstanda fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzi”ndə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərimiz əbədidir” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Kamran Xıdırov Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər Günü barədə ətraflı məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb tarixindəki yerindən söhbət açıb. Hər kəsin Vətən üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verməli olduğunu söyləyib.
Digər çıxışçılar Zəfər Gününün xalqımız üçün daşıdığı dərin mənəvi və tarixi əhəmiyyətini vurğulayıb, bu Qələbənin gələcək nəsillər üçün qürur mənbəyi olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində şagirdlərin Zəfər Gününə həsr olunan rəsmləri sərgilənib, şəhid və qazilərin şərəfli həyat yolundan bəhs edən kompozisiyaları və şeirləri dinlənilib.
Tədbir “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.
17:13 14.11.2025
Oxunuş sayı: 1327