“Təyyarə üçbucağı”: Son qəza ilə bağlı müəmmalar – Türkiyəli politoloqla sensasiyalı müsahibə
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajdakı iyirmi nəfər şəhid olub. Təyyarənin qara qutusu artıq tapılıb. İstintaq və araşdırmalar davam edir. Azərbaycan- Türkiyə - Gürcüstan xəttində müxtəlif səviyyələrdə üçtərəfli təmaslar davam edir. Baş verən hadisə ilə bağlı sabotaj ehtimalı istisna edilmir. Versiyalar müxtəlifdir.
Belə situasiyalarda “informasiya çirkliliyinin” də yarandığını nəzərə alsaq deməliyik ki, soyuqqanlı təhlilə və dəqiq məlumatlara ehtiyac var.
Türkiyəli politoloq Hasan Oktay qəza barədə Crossmedia.az-ın suallarını cavablandırıb:

- Baş verən hadisə ilə bağlı sizin fikirləriniz necədir?
- Təyyarənin ya kənardan müdaxilə, ya da daxilə yerləşdirilmiş partlayıcı maddənin partlaması nəticəsində havada partlayaraq məhv olması ehtimalları daha çox ön plandadır. Üçüncü ehtimal kimi isə təyyarədə texniki nasazlığın olması səbəbilə düşməsi versiyası qeyd olunur.
- Bəs təyyarənin texniki xüsusiyyətləri və konstruksiyası belə texniki nasazlıqlara imkan verə bilər?
- Normalda dörd mühərrikli bu tip təyyarələrin belə qəza keçirməsi mümkün deyil. Bu, bir qədər əvvəl AZAL Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qroznidə vurulması hadisəsini xatırladır. Sözügedən təyyarə də müəmmalı şəkildə havada alovlanaraq yerə düşmüşdü. Təbii ki, bu hadisə ilə bağlı da müxtəlif konspirasiya nəzəriyyələri irəli sürülə bilər.
- Qəzanın qəsdən törədildiyini və siyasi mesaj olduğunu iddia edənlər də var…
- Hadisənin Azərbaycanda Zəfərin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan sonra baş verməsi fərqli fikirlərin meydana çıxmasına səbəb olacaq. İndiyədək bir neçə oxşar hadisə qeydə alınıb. Bunlardan birincisi dediyim ki, ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması idi. Həmçinin 2015-ci ildə Suriyada Türkiyə təyyarəsi vurulmuşdu. Bundan başqa, İranın keçmiş Prezidenti İbrahim Rəisinin olduğu helikoptertərin müəmmalı şəkildə qəzaya uğraması da növbəti misaldır. Bu üç hadisədən ibarət “təyyarə üçbucağı” kontekstində, Qafqazdakı proseslər fonunda dəyərləndirildikdə, Azərbaycan–Türkiyə–Ermənistan sülh müqaviləsinin qısa zamanda imzalanmasının vacibliyi bir daha önə çıxır.
- Xaricdən müdaxilə ehtimalı nə qədər realdır?
- Bu ehtimal tam istisna olunmur. Təyyarənin Gürcüstan ərazisi üzərində düşdüyü bildirilir. Tbilisi- Ankara münasibətlərini normal olsa da, bu əlaqələri pozmaq istəyən qüvvələr Gürcüstan daxilində əməliyyat keçirmiş ola bilərlər. Ermənistanın bu hadisəyə birbaşa müdaxiləsi coğrafi baxımdan çətin görünür. Xəritəyə baxıldıqda, təyyarənin düşdüyü ərazi ilə Ermənistan sərhədləri arasında məsafə var. Digər tərəfdən, Dağıstan istiqamətindən xarici müdaxilə ehtimalı da nəzərdən keçirilir. Hazırda təyyarənin qara qutusu və qalıqları tapılmadığından bütün bu deyilənlər ehtimallar səviyyəsindədir. Lakin bölgənin strateji əhəmiyyəti, siyasi hadisələr və xüsusilə Rusiya və İranın proseslərdən kənarlaşdırılması, ABŞ və Türkiyə arasındakı son təmaslar regionun təhlükəli mərhələyə daxil olduğunu göstərir.
- Sözügedən hadisə Cənubi Qafqazdakı siyasi proseslərlə nə qədər bağlı ola bilər?
- Xüsusilə, ABŞ-nin “Tramp yolu” adlandırdığı yeni regional layihə, İrana və Rusiyaya qarşı təzyiqlərin artması, Türkiyənin isə üçtərəfli sülh müqaviləsinin şərtsiz imzalanması tələbi regiondakı proseslərin istiqamətini müəyyən edir. Ermənistanda qarşıdakı aylarda keçiriləcək seçkilər, Baş nazir Nikol Paşinyanın daxili tənqidlərə məruz qalması, ölkənin hərbi imkanlarının zəif vəziyyətdə olması fonunda Azərbaycanın üstünlük əldə etməsi də vəziyyəti gərginləşdirib. Ermənistan artıq bu müharibəni qazana bilməyəcəyini anlayaraq, ərazilərini qorumağa çalışmadan münaqişəni bitirmək istədi. Azərbaycan isə öz torpaqlarını işğaldan azad etdi, lakin bölgədə qalıcı sülhün imzalanması məsələsində tərəflər arasında hələ də müəyyən anlaşılmazlıqlar mövcuddur. Türkiyə isə daim şərtsiz üçtərəfli sülhün imzalanmasının vacibliyini vurğulayırdı, çünki bölgədə baş verəcək hadisələri əvvəlcədən təxmin edirdi. İran, Rusiya və İsrailin bölgədəki qeyri-rəsmi fəaliyyətləri, Türkiyə–İsrail münasibətlərindəki gərginlik, Qəzza məsələsindəki ideoloji rəqabət də bu hadisələrə fon yaradır. Əgər təyyarənin içərisinə partlayıcı maddə yerləşdirilibsə, çox az ehtimal da olsa, canlı bomba ehtimalı da nəzərdən qaçırılmamalıdır. Bu halda son hadisə Rəisiyə sui-qəsdlə eyni mahiyyətdə qiymətləndirilə bilər.
Türkiyənin ən mühüm hərbi təyyarələrindən biri qəzaya uğrayıb və bu hadisə göstərir ki, Cənubi Qafqazda sülh prosesi uzanmamalıdır. Çünki diplomatik uğur hərbi uğurdan daha önəmlidir. 44 günlük müharibədən sonra imzalanan 10 noyabr müqaviləsi, qısa müddətdə üçtərəfli sülh sazişi ilə taclandırılmalıdır. Əks halda, bölgədə bu kimi faciələrin yenidən yaşanması ehtimalı yüksəkdir.
Hazırda qəzayla bağlı rəsmi açıqlama verilməyib. Təyyarənin texniki nasazlıq, daxili partlayış və ya xarici müdaxilə nəticəsində düşməsi versiyaları araşdırılır.
Nəticə etibarilə, Türkiyənin mühüm hərbi təyyarəsinin qəzaya uğraması böyük itkidir. İyirmi şəhidimizə Allahdan rəhmət diləyirik.
Fatimə Hacıəliyeva
15:17 12.11.2025
Oxunuş sayı: 1527