Azərbaycanlı gənclər Ankarada Qarabağ Zəfərinin 5 illiyini qeyd ediblər
Ankarada BUTA Gənclərin Həmrəyliyi Dərnəyi və Azərbaycan Tələbə Birliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Crossmedia.az-a verilən məlumata görə, tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycan Tələbə Birliyinin sədri Elçin Cəfərli, YTB-nin Ankara ofisinin koordinatoru Muhammet Ağar, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, sabiq hərbi attaşe, general-mayor Yücel Karauz və Buta Gənclərin Dayanışma Dərnəyinin sədri Tural Qafarlı tədbirdə çıxış ediblər. Natiqlər Azərbaycan və Türkiyə arasında qardaşlıq və birliyin sarsılmazlığını bir daha vurğulayıblar.
Zəfər bayramı çərçivəsində yaradılan Azərbaycan guşəsində qonaqlar ölkəmizin mədəni irsi və Qarabağ Zəfərinin rəmzləri ilə tanış olublar.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı “Uzundərə” və “Naz eləmə” rəqslərini təqdim edib. “Xudayar” təsnifi “Qarabağ” mahnıları səsləndirilib.
Sonda Azərbaycan Tələbə Birliyinin sədri Elçin Cəfərli YTB nümayəndəsinə “Qarabağ Azərbaycandır!” yazılı xalça hədiyyə edib.
07:11 11.11.2025
Oxunuş sayı: 817