Rusiya Cənubi Qafqazda təsirini itirməmək üçün proseslərə müdaxilə edir - Politoloq
Müxtəlif dövlətlərin liderləri İkinci Qarabağ Müharibəsinin bitməsinin 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmanın hələ də aktuallığını qoruduğunu iddia edib. Lakin biz yaxşı xatırlayırıq ki, Kreml həmin razılaşmaya düzgün əməl etmədi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadı və erməni separatçılarına silah-sursat daşınmasına göz yumdu. Nəticədə Azərbaycan Vətən müharibəsindən üç il sonra anti-terror tədbirləri keçirməyə məcbur oldu. Qarabağda ərazi bütövlüyümüzü, torpaqlarımızın suverenliyini də özümüz təmin etdik.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Rusiya 10 noyabr razılaşmasını əsas gətirərək bölgədə təsirini saxlamağa çalışır: “Rusiya 10 noyabr sənədi qüvvədədir" deməklə, sonraki prosesdə özünün iştirakını təmin etməyə çalışır. Bu açıqlama dəfələrlə rusiyalı məmurların nitqlərində də açıqlanıb. Orada bildirilir ki, nə qədər Ermənistan və Azərbaycan arasında sülh sənədi paraflanmış olsa da, hələlik yekun sülh sənədi imzalanmayıb. Yəni, qət ediləcək yol böyükdür. Bu, Rusiyanın Azərbaycana və Ermənistana “barmaq silkələyişidir”. Bu deməkdir ki, o qədər də əmin olmayın ki, sizin düşündüyünüz yekun sülh müqaviləsinin imzalanması yaxındadır. Yəni bu Rusiyanın hər bir vəchlə istədiyi zaman bu prosesə ciddi şəkildə əngəl ola bilər xəbərdarlığıdır”.
Politoloq Rusiyanın niyyətini belə şərh edib: “Bununla Rusiya nə etmək istəyir? Rusiya prosesdə iştirak etmək istəyir. İstər nəqliyyat kommunikasiyalarının açılması, istər Zəngəzur dəhlizində Rusiyanın nəzarətinin təmin olunması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməklə özünün təsir imkanlarını yaratmaq və saxlamaq istəyir. Əks təqdirdə, Rusiya regionda “artıq” bir dövlətə çevrilir. Çünki Rusiya bütöv anlamda prosesdə mövcud deyil. 8 avqustda Vaşinqtonda sənədlər imzalanır, razılıqlar, bəyanatlar səsləndirilir və imzalar atılır. Sülh prosesində Rusiya mövcud deyil. Eyni zamanda, Zəngəzur dəhlizi kontekstində razılıq əldə olunur və bu prosesdə də Rusiya mövcud deyil. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı qarşılıqlı işçi qrupu yaradılıb və reqlament müəyyənləşdirilib, artıq parlamentdə təsdiq olunub. Burada da Rusiya yoxdur. Rusiyanı narahat edən məqamlar bunlardır.
Əgər bu sülh müqaviləsi Azərbaycan-Ermənistan arasında imzalanarsa, eyni zamanda, Ermənistan Avropaya inteqrasiya siyasətini inkişaf etdirməklə, tədricən Avropaya istiqamətdə məsafəni yaxınlaşdıraraq, Rusiyadan məsafəni uzaqlaşdırmağa davam edəcək. Rusiya anlayır ki, 2026-cı ildə parlament seçkilərində Nikol Paşinyan növbəti dəfə qələbə qazanar və tək başına hakimiyyət qurarsa, bu, yaxın 5 ildə Ermənistanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması, həm də Ermənistanda mövcud olan 102 nömrəli hərbi bazanın çıxarılması məsələsini gündəmə gətirəcək. Yəni, Rusiya artıq Cənubi Qafqazdan sıxışdırıldığını anlayır”.
N.Miri bildirib ki, Rusiya Ermənistanda parlament seçkilərinə müdaxilə etmək istəyir: “Moldovada biabırçı şəkildə parlament seçkilərini uduzan Rusiya, bunu Ermənistanda kompensasiya etmək istəyir ki, Cənubi Qafqazda təsir imkanlarını saxlaya bilsin. Buna görə də Ermənistanda 2026-cı il parlament seçkiləri həqiqətəndə, böyük bir mübarizə fonunda baş tutacaq. Bu baxımdan, Rusiya və Rusiyayönümlü qüvvələr seçkilərə qarşı hazırlaşırsa, təbii ki, Nikol Paşinyan və onun tərəfdarları bunun qarşısını almaq üçün ciddi tədbirlər görür. Düşünürəm ki, Qərbin də bu yöndə Nikol Paşinyana ciddi dəstəyi var və həmişə də olacaq”.
Günel Verdiyeva
18:37 10.11.2025
Oxunuş sayı: 1530