ABŞ və İran genişmiqyaslı hərbi qarşıdurmada maraqlı deyillər - Politoloq
ABŞ və İran arasında razılaşmalar son nöqtəyə çatsa da, ötən gün ABŞ Prezidenti Donald Tramp İranın yaydığı məlumatların və mediaya sızdırılan şərtlərin heç bir rəsmi razılaşma ilə əlaqəsi olmadığını bildirib. O, Tehranı “zəif və əsassız bəyanatlar” yaymaqda ittiham edərək, bu çərçivədə aparılan danışıqlara etimadın mümkün olmadığını vurğulayıb. Eyni zamanda Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hücumlarını kəskin şəkildə pisləyib və bunu qəbuledilməz adlandırıb. ABŞ administrasiyası baş verənləri beynəlxalq təhlükəsizlik baxımından ciddi siqnal kimi qiymətləndirir. Bu fonda tərəflər arasında söz atışması və qarşılıqlı ittihamlar diplomatik gərginliyi daha da artırır.
Politoloq Oktay Qasımov Crossmedia.az-a açıqlamasında ABŞ və İran arasında atəşkəs müddətində aparılan danışıqların artıq müəyyən mərhələyə çatdığını bildirib:

“Tərəflər demək olar ki, prinsipial ilkin çərçivə razılaşmasına çox yaxındırlar və bir neçə gün ərzində bunun imzalanması mümkün idi. İran Xarici İşlər Nazirliyinin açıqlamaları da bunu təsdiqləyir. Lakin tərəflərin prosesi öz maraqlarına uyğun şəkildə təqdim etməyə çalışdığı görünür. Belə ki, İran danışıqların növbəti mərhələyə keçdiyini bildirir, lakin konkret zaman açıqlanmır. Bundan başqa, Hörmüz boğazında İranın suverenliyinin tam şəkildə qəbul olunması məsələsi də gündəmdədir. Hərçənd bu, kifayət qədər mübahisəli məsələdir. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın açıqladığı bir sıra məlumatların İran tərəfindən təkzib edilməsi müşahidə olunur. Bu da diqqət çəkən məqamdır. Ümumilikdə isə bu iddiaların reallığa daha yaxın olduğunu düşünürəm”.
Politoloq son 10 gündə tərəflərin bir-birinin hədəflərinə zərbələr endirdiyini də qeyd edib:
“Bu, həm ABŞ helikopterinin vurulması, həm də İranın Hörmüz boğazı istiqamətində və digər hədəflərinə, eləcə də Tehran istiqamətində həyata keçirilən zərbələrlə bağlıdır. Belə bir gərginlik müşahidə olunur. Lakin görünən odur ki, tərəflər genişmiqyaslı hərbi qarşıdurmada maraqlı deyillər və bir-birini sanki test edirlər. Trampın açıqlamasını da növbəti bəyanatlardan biri kimi qiymətləndirirəm və yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların başlanmasını real hesab etmirəm. Çünki tərəflər buna maraqlı deyil və bunu istəmirlər. Bu baxımdan prosesdə daha çox diplomatik xəttin önə çıxacağı gözlənilir. Dünənki açıqlamalara əsasən, yaxın zamanda müəyyən çərçivə sənədi üzrə razılaşma da mümkün görünür”.
Fatimə Məmmədova
13:44 15.06.2026
Oxunuş sayı: 65