Norveçdə Zəfərin beşinci ili qeyd olunub
Norveçin paytaxtı Osloda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Oslo Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə "Şanlı Zəfər" adlı tədbir keçirilib.
Bu barədə Crossmedia.az-a Azərbaycanın Norveçdəki səfirliyindən bildirilib.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, eləcə də Şanlı Zəfərimizə həsr edilmiş videoçarx göstərilib.
Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışaraq bu günün xalqımız və dövlətimiz üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.
Tədbirdə Əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), operanın solisti Orxan Cəlilov, VII Muğam Televiziya Müsabiqəsinin laureatı xanəndə Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev və rəqqasə Cəmilə Listkova çıxış ediblər.
Orxan Cəlilovun xalq, türk və estrada, Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifaları xüsusi maraqla qarşılanıb. İncəsənət ustalarının Zəfər ruhunu əks etdirən çıxışları zalda coşqu yaradıb. Milli musiqilərimizin sədaları altında iştirakçıların rəqsləri tədbirə daha da xoş ovqat bəxş edib.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəal üzvlərindən Arvin Balanjinin pianoda ifası alqışlarla qarşılanıb.
Teleaparıcı, Əməkdar artist Dilarə Əliyeva Zəfərimizə həsr etdiyi monoloqla tədbirə xüsusi rəng qatıb.
Milli geyimdə səhnəyə çıxan rəqqasların çıxışı, geyimlərin gözəlliyi, zərifliyi və rəngarəngliyi konsert iştirakçılarında böyük maraq doğurub.
Tədbir çərçivəsində rəssam Nərminə Vəliyevanın "Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası" adlı sərgisi nümayiş olunub.
Dostluq, qürur və vətənpərvərlik ruhu ilə yekunlaşan tədbirin sonunda iştirakçılar milli şirniyyatlarımıza qonaq ediliblər.
19:16 07.11.2025
Oxunuş sayı: 901