Milli dil korpusu yaradılır- Professor alqışladı
Azərbaycan dilini emal etməyə
imkan verən milli dil korpusunun yaradılması prosesinə başlanılıb.
Bunu AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun direktoru professoru Nadir Məmmədli "Azərbaycan
Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində
Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri"
mövzusunda keçirilən yığıncaqda deyib.
Onun sözlərinə görə, müasir
dilçilik və texnoloji sistemlər üçün etibarlı mənbə rolunu oynayacaq bu korpus
dil resurslarının sistemləşdirilməsi, avtomatik emalı və statistik təhlili üçün
zəruri baza yaradır:
"Dilçilik İnstitutunun
"Süni intellekt və kompüter dilçiliyi" şöbəsi müxtəlif mənbələrdən
toplanan dil materiallarını emal edərək sistemləşdirib. Nəticədə Azərbaycan
dilinin 220 min sözdən ibarət söz bazası formalaşdırılıb. Eyni zamanda, sözlərin
işlənmə tezliyini müəyyən edən tezlik lüğətləri hazırlanıb. Gələcəkdə bu lüğətlərin
nəticələri əsasında sözlərin Orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə
tutulur".
N.Məmmədli həmçinin Azərbaycan
dilinə daxil olan alınma sözlərin ayrıca lüğətinin hazırlanmasının da gündəmdə
olduğunu söyləyib:
"Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə sadəcə məişət səviyyəsində ünsiyyət vasitəsi kimi qəbul edilməməlidir. Dil xalqımızın mədəni yaddaşını, elmi və intellektual potensialını ifadə edən canlı bir sistemdir".
Perspektivdə milli dil korpusunun yaradılması barədə Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Crossmedia.az-a
açıqlamasında bildirib ki, istənilən dilin mütləq öz dil korpusu olmalıdır:
“Dil korpusunun olması ona
imkan verir ki, həm ədəbi dildə işlənən sözlər, həm terminlər, həm də dialekt
sözləri sistemli şəkildə toplanır. Biraz kobud desək, bu bir “söz
anbarıdır” – yəni hər bir söz orada mövcuddur və lazım gəldikdə ona
müraciət olunur. Məsələn, ingilis dilinin korpusu olan Oxford lüğətində
700 mindən çox söz yer alır. Ona görə də Azərbaycan
dilinin də belə bir korpusa malik olması çox vacibdir”.
Professorun
sözlərinə görə, bu proses dilin ümumi mənzərəsini görmək, terminoloji lüğətləri və
sahəvi anlayış sistemlərini hazırlamaq baxımından böyük əhəmiyyət daşıyır:
“Bu gün süni intellekt və rəqəmsal
texnologiyaların inkişafı sayəsində dil korpusu yaratmaq xeyli asanlaşıb. Əvvəllər
kartoteka sistemi ilə toplanan dil materialları indi avtomatik şəkildə emal
edilə bilir. Bu da Azərbaycan dilinin elmi və texnoloji əsasda qorunması üçün
yeni imkanlar açır.”
Fatimə Hacıəliyeva
14:28 07.11.2025
Oxunuş sayı: 1562