Nəhənglərin sosial şəbəkə savaşı: süni intellekt rəqabəti yeni mərhələyə daşıyır
YouTube Premium istifadəçiləri üçün yeni Auto Speed funksiyasını istifadəyə verib. Yeni texnologiya videonun məzmununu analiz edərək oynatma sürətini avtomatik tənzimləyəcək. Bununla yanaşı, platforma fon rejimində dinləməni asanlaşdıran On-the-go Mode funksiyasını da təqdim edib. Yeniliklər istifadəçi təcrübəsinin daha rahat və fərdiləşdirilmiş hala gətirilməsinə yönəlib.
Media eksperti Nəmənd Rüstəmov Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, təkcə YouTube yox, ümumiyyətlə internet üzərində fəaliyyət göstərən əksər platformalar gələcəklərini və mövqelərini qorumaq üçün elmi tərəqqinin, xüsusilə süni intellektin tələbləri ilə ayaqlaşmalıdır.

Ekspertin sözlərinə görə, bu gün informasiya resursları üzərində ciddi iqtisadi savaş gedir. “TikTok, YouTube, Threads, Google – bunların bəziləri eyni mənşəli platformalardır. Məsələn, Mark Zuckerberg Instagram-ı alıb, yaxud Elon Musk X-ı alıb. Deməli, informasiya resursları üzərində iqtisadi savaş gedir. Və bu iqtisadi savaşda məğlub olmamaq üçün zamanın nəbzini tutmaq lazımdır. Gənclərin, o alətlərin istifadəçilərinin marağını və diqqətini cəlb etmək lazımdır”, – deyə Nəmənd Rüstəmov qeyd edib.
Media eksperti vurğulayıb ki, süni intellekt artıq zamanın tələbidir və gələcəkdə bütün layihələr ona uyğun qurulacaq. “Süni intellekt də zamanın tələbidir və gələcəkdə əksər layihələr süni intellekt nəzərə alınmaqla tərtib olunur, layihələndirilir, ona uyğun qurulur. YouTube-da süni intellekt əsaslı yeniliklərin tətbiqi də təbii ki, zamanın tələbidir. Çünki YouTube ilə TikTok, Instagram, Facebook, X və bu tipli sosial şəbəkələr arasında istifadəçi sayı uğrunda mübarizə gedir. Bu mübarizədə tab gətirmək üçün məcbursan ki, o tələblərə əməl edəsən”, – deyə o bildirib.
Nəmənd Rüstəmov YouTube Premium seqmentini də bu rəqabətin bir hissəsi kimi qiymətləndir. “Dediyin YouTube Premium əslində YouTube-un ödənişli seqmentidir. Bu seqmentin istifadəçiləri adi YouTube istifadəçiləri qədər çox deyil, çünki abunə haqqı var. Amma bu da müştəri məmnuniyyətini təmin etmək, YouTube-dan istifadəyə görə pul ödəməyə təşviq etmək vasitələrindən biridir. Deməli, diqqət çəkən məhz Premium-dur”, – deyə ekspert əlavə edib.
Ekspert diqqət çəkib ki, Google, brauzerlər və smart cihaz istehsalçıları da istifadəçi məlumatları üzərində rəqabət aparır. “Google-da da eyni prinsiplər tətbiq olunur. Əgər fərqindəsinizsə, Google-da, əksər brauzerlərdə, hətta smart telefon və smart televizor cihazlarında – məsələn, LG-nin, Samsung-un – bu tipli məhkəmə çəkişmələri var ki, istifadəçilərin şəxsi məlumatlarını toplayır və onları bu və ya digər formada istifadə edə bilirlər. Bax, bu rəqabətdə tab gətirmək üçün Google da, internet şirkətləri də məcburdur ki, YouTube-un həmən seqmentinin hədəf auditoriyası kimlərdir, nə istifadə edirlər, onlarla hesablaşsın”.
Nəmənd Rüstəmov qeyd edib ki, süni intellekt artıq XXI əsrdə informasiya istehsalının və istehlakının, eləcə də gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. “İstifadə etdiyimiz smartfonlar, televizorlar, digər ‘ağıllı’ cihazların hamısının əsasında süni intellekt dayanır. Süni intellektin bu proseslərə cəlb olunması, dediyim kimi, hədəf istifadəçi sayı uğrunda mübarizədir, istifadəçi uğrunda mübarizədir, istehlakçı sayının artmasına xidmət edən addımlardır”.
Ekspertin sözlərinə görə, YouTube, TikTok, Google, Instagram, Facebook-un hamısı AI əlavələri tətbiq edir. Məsələn, Google Gemini süni intellekt proqramını öz brauzerinə əlavə edir, bu da ödənişsiz ChatGPT dəstəyi verir və video kontent, səs montajı üçün istifadə olunur.
Nəmənd Rüstəmov son tendensiyalara da toxunub: “Son zamanlar əksər brauzerlərdə, YouTube platformalarında süni musiqi, süni video generasiyası üzərində də ciddi işlər gedir. Hansı brauzerdən istifadə etdiyinə görə fərqlənmək üçün şirkətlər bu alətləri öz platformalarına əlavə edirlər. Məsələn, hazırda Çinin 500-600 dollardan başlayan qiymətə satılan əksər telefonlarında süni intellekt proqramları brauzerin üstündə hədiyyə kimi verilir. iOS istifadəçiləri ChatGPT və ya digər süni intellekt generatorlarına qoşulmaq üçün ayda 18-20 dollar ödəyirlərsə, Çin rəqabətdə tab gətirmək üçün öz smartfonlarına bahalı, yüksək keyfiyyətli premium süni intellekt proqramlarını hədiyyə kimi əlavə edir ki, sabahları rəqabətdə tab gətirə bilsin, ayaqlaşa bilsin”.
Ekspert yekunda vurğulayıb ki, YouTube-un bu tipli yeniliklərə əl atması iqtisadi zərurətdir: “Ona görə YouTube-un bu tipli yeniliklərdən istifadəsi əslində iqtisadi zərurətdir. Hədəf nəticə etibarilə bu rəqabət bazarında məğlubiyyətdən qorunmaq, özünü qorumaq, hətta qazanc əldə etməkdir”.
Nigar Xəlilli
12:45 04.06.2026
Oxunuş sayı: 75