Politologiyanı sırf “elm” kimi qəbul etmirəm - Müsahibə
Müasir dövrdə qlobal proseslərin dinamikası, beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalar və regionda geosiyasi maraqların toqquşması siyasi elmin, xüsusən də politologiyanın əhəmiyyətini daha da artırmışdır. Bu baxımdan, Azərbaycanda gənc politoloqların fəaliyyəti xüsusi diqqətə layiqdir. Onlar həm elmi-nəzəri istiqamətdə, həm də praktiki siyasi analizlər sahəsində fəal çıxış edərək, milli maraqların qorunmasına, ictimai rəyin formalaşmasına və dövlət siyasətinin elmi əsaslarla təhlilinə mühüm töhfələr verməkdədirlər.
Gənc politoloqların yeni düşüncə tərzi, müasir yanaşma üslubu və beynəlxalq trendləri dərindən izləmək bacarığı Azərbaycan siyasi düşüncəsinin intellektual potensialını nümayiş etdirir. Onların elmi araşdırmaları, media çıxışları, analitik məqalələri və ictimai təşəbbüsləri ölkəmizdə siyasi maarifləndirmə prosesinin dərinləşməsinə, eləcə də cəmiyyətin siyasi şüurunun formalaşmasına xidmət edir.
Bu mənada, gənc politoloqlar təkcə elmi fikrin daşıyıcısı deyil, həm də gələcəyin strateji baxışlarını formalaşdıran milli düşüncə mühitinin aparıcı simalarıdır.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

– Azərbaycanda gənc politoloqların fəaliyyəti haqqında fikirləriniz necədir?
– Konkret ad çəkmədən demək istəyirəm ki, Azərbaycan bu istiqamətdə dinamik inkişaf edən ölkələrdəndir. Sevindirici haldır ki, ölkəmizdə politologiya sahəsində boşluqlar yaranmır – əksinə, yeni, gənc simalar yetişir, mövcud yerlər əvəzlənir və gələcəyə ciddi perspektivlər vəd olunur. Biz bunu həm media məkanında, həm elektron informasiya vasitələrində, həm də televiziya çıxışlarında aydın şəkildə müşahidə edirik.
Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə dünya səviyyəsində adından bəhs etdirəcək gənc siyasətşünaslarımız yetişməkdədir. Necə ki, vaxtilə mərhum Vəfa Quluzadə kimi görkəmli siyasətçilərin yerini yeni nəsil politoloqlar doldura bildilərsə, bu gün də həmin ənənəni davam etdirən, daha irəliyə aparmağa qadir gənclərimiz var.
– Siyasətşünaslıq sizcə bir elm sahəsidir, yoxsa daha çox təfəkkür forması?
– Açığı, mən politologiyanı sırf “elm” kimi qəbul etmirəm. Bu, daha çox düşüncə tərzi, yanaşma mədəniyyəti və tarixi prosesləri analitik baxımdan sinxronlaşdırma sənətidir. Siyasətşünaslıq faktların mexaniki təhlili deyil, ağıl süzgəcindən keçən, dərin təfəkkürə söykənən bir yanaşmadır.
Bəzən belə bir yanlış fikir yaranır ki, guya yalnız bu sahəni peşəkar təhsil kimi bitirənlər siyasətşünas ola bilər. Mən bununla razı deyiləm. Siyasət, əslində, düşüncə və analiz qabiliyyətidir — bu, insanın təfəkkür çevikliyindən və hadisələrə baxış bucağından asılıdır.
Bəzən elə insanlar var ki, hadisələri dərhal analiz edib nəticə çıxara bilirlər; bəziləri isə gec “alışan” mexanizm kimidir — yəni,avtomobilin mühərrikindəki kimi, alışma gec olur. Amma bu da inkişaf və təcrübə ilə tamamlanan bir prosesdir.
– Bəzi təhlilçilər keçmiş tarixi hadisələrə istinad edərək müasir siyasətə qiymət verirlər. Siz bu yanaşmaya necə baxırsınız?
– Tarixdən dərs almaq vacibdir, amma 100 il əvvəlki hadisələrə bugünkü şüur və mühitlə yanaşmaq düzgün deyil. O dövrün siyasət, mühit və şüur səviyyəsi bu günlə eyni ola bilməz. Çerçilin, Sincerin və ya digər klassik siyasətçilərin fikirləri öz dövrləri üçün aktual idi, amma bu günkü reallıqlara eyni ölçülərlə yanaşmaq doğru olmaz.
Ən əsası, siyasətdə əxlaq amili ön planda olmalıdır. Baxın, Sincer kimi siyasətçilərin baxışlarında siz əxlaq meyarını görürsünüzmü? Onlar daha çox nəticəyə hesablanan, pragmatik siyasət yürüdürdülər. Halbuki biz fərqli bir ənənənin daşıyıcılarıyıq – hər bir qərarı və addımı vicdan süzgəcindən keçirərək veririk.
– Bu baxış siyasətdə nəticəyə təsir edirmi?
– Təbii ki, edir. Biz siyasəti sadəcə “nəticə əldə etmək sənəti” kimi görmürük. Bizim üçün siyasət – doğru nəticəyə, doğru vasitələrlə çatmaq sənətidir. Bu, Azərbaycan modelidir.
Qərbdə və digər qlobal mərkəzlərdə çox vaxt nəticə önə çəkilir, vasitələrin isə etikliyi arxa plana keçir. Amma biz hər bir məsələyə vicdanla, əxlaqi məsuliyyətlə yanaşırıq. Əgər onlar öz yanlışlarından dönmürlərsə, biz niyə öz doğrularımızdan imtina etməliyik? Bizim fərqimiz elə bundadır.
– Bütün bunların fonunda siyasətin insanlığa xidməti nə dərəcədə qorunur sizcə?
– Əsl siyasət insanlıqdan uzaqlaşdırmamalıdır. Siyasətin son hədəfi insan olmalıdır. İnsan olmaq isə ən yüksək şüur səviyyəsidir — yaradılışın zirvəsidir. Təəssüf ki, bu gün qlobal səviyyədə bir çox dəyərlər öz əksinə çevrilib: vəkillik institutları ədaləti qorumaq əvəzinə böyük məbləğlər müqabilində cinayətkarları azad etdirir, beynəlxalq siyasət isə çox vaxt mənəvi ölçülərdən uzaq düşür.
Bu mənzərə göstərir ki, siyasətə doğruluq və insani ölçü gətirmək insanlığın xilası üçün vacibdir. Əks halda, siyasət bəşəriyyətə xidmət edən deyil, onu tükəndirən bir alətə çevrilər.
Elmir Heydərli
20:07 06.11.2025
Oxunuş sayı: 1697