Kamran Ağayev: Azərbaycan yerli süni intellekt dil modelini yaradır
Azərbaycan artıq öz yerli süni intellekt dil modelinin yaradılması üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data İdarəolunması Departamentinin direktoru Kamran Ağayev Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycan süni intellekt əsaslı fərdi xidmət platformalarının yaradılması istiqamətində fəal şəkildə işləyir və bu proses artıq "MyGov" portalı vasitəsilə həyata keçirilir:
"MyGov platforması vətəndaşla dövlət arasında rəqəmsal körpü rolunu oynayır. Biz bu layihəni EPAM şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiririk. Hazırda vətəndaşların suallarını cavablandıran chatbot sistemi fəaliyyət göstərir. Növbəti mərhələdə isə süni intellekt əsaslı E-advisory (rəqəmsal məsləhətçi) platforması istifadəyə veriləcək."
K. Ağayev bildirib ki, bu sistem G-Cloud hökumət buludu mühitində yerləşən yerli böyük dil modeli (LLM) üzərində qurulacaq: "Biz artıq G-Cloud infrastrukturunda mövcud GPU resurslarından istifadə etməklə yerli dil modelinin hazırlanmasına başlamışıq. Bu model vətəndaşların fərdi sorğularına cavab verəcək və dövlət xidmətlərinin avtomatlaşdırılmasına imkan yaradacaq".
12:00 05.11.2025
Oxunuş sayı: 1064