Azərbaycan və Rusiya yükdaşımaları rəqəmsallaşdırır
Azərbaycan və Rusiya yüklərin daşınmasında elektron nəqliyyat qaimələrinin (e-CMR) tətbiqi istiqamətində birgə layihə üzərində işləyir.
Crossmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya “Beynəlxalq Nəqliyyat Dəhlizlərinin Direksiyası” ASC-nin beynəlxalq layihələr və rəqəmsallaşma departamentinin direktor müavini Natalya Zadonskaya bildirib.
Onun sözlərinə görə, layihə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçiriləcək və tərəflər arasında rəqəmsal sənəd dövriyyəsinin sınaqdan keçirilməsini nəzərdə tutur.
“Biz ‘Şimal–Cənub’ dəhlizinə daxil olan bütün ölkələrlə əməkdaşlıq edirik. Azərbaycanla konkret olaraq elektron beynəlxalq yük-nəqliyyat qaimələrinin (e-CMR) tətbiqi üzrə pilot layihə hazırlanır. Bundan əlavə, Azərbaycan bizə elektron icazələrin tətbiqinə də çağırır. Düşünürəm ki, Rusiya Federasiyası bu təşəbbüsə müsbət cavab verəcək və işi davam etdirəcək”, — Zadonskaya bildirib.
Mütəxəssislərin fikrincə, e-CMR sisteminin tətbiqi yüklərin izlənməsi, gömrük və sərhəd keçid prosedurlarının sürətləndirilməsi, həmçinin kağız sənəd dövriyyəsinin azaldılması baxımından mühüm addım olacaq.
12:45 01.11.2025
Oxunuş sayı: 1672