Gürcüstanda etirazlar daha da şiddətlənir: Müxalifət parçalanıb
Cənubi Qafqazın siyasi səhnəsində yenidən gərginlik hökm sürür. Gürcüstan bu dəfə yalnız daxili siyasi mübarizənin deyil, həm də geosiyasi təsir uğrunda böyük qarşıdurmanın mərkəzinə çevrilib. Tiflisin küçələrində səslənən şüarlar artıq bir ölkənin daxilindəki narazılığın ifadəsi deyil onlar bütövlükdə regionun gələcək istiqamətini müəyyən edə biləcək proseslərin xəbərçisidir.
Paytaxtın mərkəzində keçirilən kütləvi mitinqlər, müxalifət qüvvələrinin birləşməsi və keçmiş prezident Salome Zurabişvilinin açıq şəkildə hökumətə meydan oxuması Gürcüstanda siyasi mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. “Gürcü Arzusu” hakimiyyətinin mövqeləri sarsılır, cəmiyyət isə “Avropa yolu” ilə “şimal təsiri” arasında seçim qarşısında qalır. Rustaveli prospektində toplanan izdiham təkcə hökumətə etiraz etmir — o, Gürcüstanın gələcək istiqamətinə dair tarixi qərarın astanasında olduğunu dünyaya bəyan edir.
Bütün bunlar fonunda Tiflisdəki hadisələr tədricən regionun siyasi dinamikasına da təsir göstərməyə başlayıb. Avropa İttifaqı və ABŞ hökumətin siyasətini açıq şəkildə tənqid edir, Rusiya isə səssiz müşahidəçi kimi proseslərin gedişatını izləyir. Belə bir vəziyyətdə Gürcüstanın qarşısında iki yol dayanır: ya demokratik dəyərlərin qorunması uğrunda daxili həmrəyliyə nail olmaq, ya da siyasi parçalanma və qeyri-sabitlik girdabına yuvarlanmaq.
Hazırkı hadisələr, bir çox analitiklərin fikrincə, 2018-ci ildə Ermənistanda baş vermiş “Meydan inqilabı”nı xatırladır.Lakin bu dəfə ssenari daha mürəkkəb, aktorlar daha çox, risklər isə qat-qat yüksəkdir. Gürcüstanın siyasi gələcəyi artıq yalnız seçkilərin nəticəsindən deyil, həm də xalqın səbrindən, beynəlxalq güclərin mövqeyindən və hakimiyyətin güzəştə gedə bilmək iradəsindən asılı olacaq.
Məsələ ilə bağlı politoloq Turab Rzayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Hazırda Gürcüstanda baş verən etiraz aksiyaları getdikcə şiddətlənir. Bu proses müxalifət və etirazçılar arasında müəyyən ümid yaradır. Bununla belə, hakimiyyət hər zamankı kimi vəziyyətin tam nəzarət altında olduğunu bildirir. Hökumətə görə, baş verənlər sadəcə müəyyən qrupların, yəni müxalif qüvvələrin fəaliyyəti ilə məhdudlaşır.
Hakimiyyət müəyyən qədər müxalifəti parçalamağa da nail olub. Belə ki, müxalif partiyalardan bəziləri seçkilərdə iştirak edib, digərləri isə boykot qərarı verib. Bu isə hökumətə seçkilərin baş tutduğunu və nəticələrin legitim hesab edilməli olduğunu göstərmək imkanı verir.
Etirazların gələcək taleyi, əsasən, iki amildən asılıdır: onların təşkilatlanma səviyyəsi və Qərbdən alacaqları dəstək. Əgər etirazçılar mütəşəkkil şəkildə bir araya gələr, vahid liderlik formalaşdıra və Qərbdən lazımi siyasi dəstəyi əldə edə bilsələr, bu zaman onların müəyyən uğur qazanmaq şansları arta bilər. Belə halda həm ölkə daxilində, həm də beynəlxalq arenada onlara simpatiya və dəstək formalaşa bilər. Bu isə hökuməti müəyyən güzəştlərə getməyə məcbur edə bilər".
Müsahibimiz bildirib ki, Qərbdən kifayət qədər dəstək alınmasa və etirazlar zəif təşkilatlansa, o zaman hakimiyyətin etirazçıları yenidən parçalamaq, onları fərqli qruplara bölmək və neytrallaşdırmaq imkanı olacaq: "Hazırda Gürcüstan hökumətinin reaksiyası kifayət qədər sərtdir və görünür ki, onlar heç bir güzəştə getmək niyyətində deyillər. Etirazların parçalanması siyasəti də məhz bu məqsədə – müxalif qüvvələrin birliyinin qarşısını almağa xidmət edir. Bu baxımdan Qərbin etirazlara verəcəyi dəstək və hökumət üzərində quracağı təzyiq həlledici rol oynaya bilər. Avropa ölkələri hazırda Gürcüstan hökumətinə müəyyən təzyiq göstərməyə çalışsalar da, bu hələlik effektiv nəticə vermir. Bunun əsas səbəbi ABŞ-ın proseslərə aktiv şəkildə qoşulmamasıdır. Hazırda yalnız Böyük Britaniya və Avropa İttifaqının dəstəyi Gürcüstandakı etirazları ciddi şəkildə gücləndirmək üçün kifayət etmir. Gürcüstan hakimiyyəti isə artıq bu kimi vəziyyətlərdə təcrübə qazanıb – həm “xarici agentlər haqqında qanun” layihəsinə qarşı etirazlarda, həm də əvvəlki seçkilərdən sonrakı aksiyalarda oxşar situasiyaları idarə etməyi öyrənib.
Ona görə də, əgər bu dəfə də Qərbdən güclü və koordinasiyalı dəstək gəlməzsə, böyük ehtimalla hökumət etirazları müxtəlif üsullarla yatıracaq və bir müddət sonra seçkilərin nəticələrinin tanınmasına nail olacaq".
Politoloq, həmçinin Gürcüstanda baş verən hadisələrin təkcə hökumət və müxalifət toqquşması olmadığını, həm də Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın bir təzahürü olduğunu qeud edib:
"Bu səbəbdən proseslərin istiqaməti, ilk növbədə, Qərbin Gürcüstandakı hadisələrə necə və hansı səviyyədə dəstək göstərəcəyindən asılı olacaq".
Elmir Heydərli
11:11 28.10.2025
Oxunuş sayı: 1340