Ermənistanda demoqrafik böhran: Hakim dairələr idarəetmədə zəiflik nümayiş etdirir
Ermənistanlı iqtisadçı Suren Parsyanın proqnozuna görə, 2040-cı ilədək Ermənistan əhalisinin sayı 2,5 milyon nəfərdən aşağı səviyyəyə düşə bilər.
O bildirib ki, ölkə ən qısa müddətdə demoqrafik problemlərin həlli üçün tədbirlər görməlidir.
"İnsanlar ölkəni tərk edirlər, çünki özləri üçün layiqli həyat şəraitini təmin edə bilmir, eləcə də özlərini təhlükəsiz hiss etmirlər. Lakin biz ciddi demoqrafik çağırışlarla üzləşirik: yaşlanan əhali, doğum səviyyəsinin aşağı düşməsi və yüksək miqrasiya", - S.Parsyan vurğulayıb.
İqtisadçı xəbərdar edib ki, əhalinin sayının azalması ölkə üçün təkcə sosial deyil, həm də strateji çağırışdır.
Bəs Ermənistanda əhalinin sayının sürətlə azalmasının və demoqrafik problemlərin əsas səbəbləri nələrdir və bu vəziyyət ölkənin gələcəyi üçün hansı sosial və strateji nəticələrə gətirib çıxara bilər?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Politoloq Tofiq Abbasov bunun əsas səbəbini hakim dairələrin idarəetmədə zəiflik nümayiş etdirməsində görüb:

"Ölkənin daxilində ictimai-siyasi vəziyyət həmişə gərgin olub. Bunun əsas səbəblərindən biri hakim dairələrin idarəetmədə zəiflik nümayiş etdirməsidir. Digər tərəfdən, onların həyata keçirdiyi siyasət sözün əsl mənasında dövlət siyasəti deyil. Dövlətin institutları işləməli, vətəndaş cəmiyyəti inkişaf etməli, demokratiya bərqərar olmalıdır. Demokratiya ilk növbədə azadlıqlar, insanların bir-birinə diqqətlə yanaşması və bir-birini dinləmə bacarığı deməkdir. Əgər diskussiya və dialoq mühiti yoxdursa, deməli, demokratiya nəinki formalaşıb, hətta olan-qalan imkanları da məhv olub. Hər bir konstitusiyanın əsas prinsipi budur ki, hakimiyyətin mənbəyi xalqdır. Əgər xalq hər hansı siyasi birliyə etimad göstərirsə, həmin siyasi qüvvə xalqın sözünü eşitməli, onun çağırışlarına şərik olmalı, quruculuq işində vətəndaşları öz tərəfdaşına çevirməlidir. Çünki ictimai razılaşma, ictimai qərar və ictimai anlaşma kimi mühüm məfhumlar mövcuddur. Məşvərət və fikir mübadiləsi mühiti olduğu halda, ölkənin idarəçiliyi, kadr siyasəti və demokratik normaların bərqərar olması prosesləri daha sağlam şəkildə təşəkkül tapır. Ermənistanda bütün bunlar müəyyən dərəcədə mövcud olsa da, çox zəif formadadır. Buna görə də ölkənin əksər vətəndaşları, xüsusilə gələcəyi barədə düşünənlər anlayırlar ki, belə bir mühitdə sabit gələcək qurmaq mümkün deyil və nəticədə ölkəni tərk edirlər”.
Politoloq, həmçinin onu da bildirib ki, Azərbaycanın Ermənistan üçün öz strateji imkanlarını açması rəsmi İrəvan üçün böyük güzəştdir və bu yeni imkanların qapısını açmaq deməkdir:
"Hazırda Ermənistan çox tarixi bir mərhələ yaşayır. Birincisi, müharibədən məğlub çıxıb. Azərbaycan İkinci Qarabağ müharibəsində öz sözünü dedi, haqqı bərpa etdi, bölgədə ədaləti və beynəlxalq qanunvericiliyin tələblərini bərpa etdi. Azərbaycan müharibədən sonra Ermənistanı alçaltmaq yolunu seçmədi. Əksinə, Prezident İlham Əliyevin mövqeyi çox sağlam, realist və tolerant idi. Bu, yekəxana siyasət deyil, əməkdaşlığa çağırış idi.
Azərbaycan müharibədən sonra da Ermənistanı regional əməkdaşlıq layihələrinə – nəqliyyat və iqtisadi inteqrasiya təşəbbüslərinə qoşulmağa dəvət etdi. Hətta Qazaxıstandan belə bir açıqlama gəldi ki, biz öz strateji imkanlarımızı erməni planları üçün açırıq. Bu, Ermənistan üçün böyük bir töhfə, güzəşt və yeni imkanların qapısını açmaq demək idi. Əslində, Ermənistan bunu çoxdan edə bilərdi. Əgər o, 5 il əvvəl müharibədən dərhal sonra normal mövqe tutsa idi, bu gün vəziyyət tam fərqli ola bilərdi. Lakin ölkə daxilindəki radikal qruplar və revanşist qüvvələr cəmiyyətdə qarışıqlıq yaradır, yenidən Azərbaycanla müharibə ideyalarını təbliğ edirdilər. Hazırda isə müəyyən mənada Baş nazir Nikol Paşinyan bu qüvvələrin qarşısını ala bilir, radikalları neytrallaşdırmağa və Azərbaycanla dialoqa başlamağa çalışır. O, qarşılıqlı ittifaq və əməkdaşlıq mühiti formalaşdırmağa cəhd edir. Bu yaxınlarda Paşinyan Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, Azərbaycanın humanist və böyüklük nümayiş etdirən münasibətini qiymətləndirdi”.
Müsahibimizin fikrincə, Ermənistan bu münasibəti adekvat şəkildə dərk edib, real addımlar atsa, yəni demokratik inkişafı və sülh quruculuğunu yalnız sözlə deyil, əməli fəaliyyətlə sübut etsə, münasibətlərin normallaşması mümkündür: “Çünki bu, Azərbaycanın deyil, Ermənistanın borcudur. Nəzərə almaq lazımdır ki, müharibəni başlayan və əsassız iddialarla çıxış edən tərəf məhz Ermənistandır. Belə olduğu halda, münasibətlərdə sabitlik yaranacaq, Ermənistan cəmiyyəti də bu əməkdaşlığın üstünlüklərini görəcək”.
Gülbəniz Bayramova
23:02 23.10.2025
Oxunuş sayı: 2051