Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq- Ekspert müsbət qiymətləndirir

Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbini ilk oxunuşda qəbul edib.
Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.
Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.
Digər dəyişikliyə əsasən, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.
Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a bildirib ki, bu dəyişiklik ümumilikdə çox müsbət təsir göstərəcək:
"Çox zaman moped sürücüləri qəza törədərək hadisə yerindən uzaqlaşır, yaxud yol hərəkəti qaydalarını pozurdu və belə hallarda onları tapmaq çətin olurdu. Bu, müəyyən dərəcədə aidiyyəti qurumlar arasında əlavə vaxt itkisinə səbəb olurdu. Artıq sürücülük vəsiqəsi tələbi tətbiq olunduqda, həmin nəqliyyat vasitəsini texniki vasitələrin köməyi ilə müəyyənləşdirmək mümkün olacaq. Bu da müsbət cəhət kimi qiymətləndirilir. Bu gün mopedlərdən ən çox istifadə edənlər kuryer xidmətləri, şirkətlər və fərdi motosiklet sürücüləridir. Bu addım sürücülərin işini də müəyyən qədər asanlaşdıracaq, çünki hər hansı qəza zamanı məsuliyyət artıq dəqiq müəyyən ediləcək və kiminsə günahsız yerə ittiham olunması ehtimalı azalacaq".
Ekspert əlavə edib ki, indiyə qədər yalnız mopedlərlə deyil, sığorta ilə bağlı da problemlər yaşanırdı:
"Sığorta şirkətləri tez-tez ödənişdən imtina edir, “sürücünü tapa bilmirik” və ya “səhlənkarlıq olub” kimi əsaslar gətirirdilər. Yeni qaydalar bu sahədə idarəetməni asanlaşdıracaq, vurub qaçan sürücüləri və qanundan sui-istifadə edən şəxsləri müəyyənləşdirməyə imkan verəcək. Bu da ümumilikdə yol hərəkətində təhlükəsizlik problemlərinin azalmasına səbəb olacaq".
Türkan Kərimli
21:00 17.10.2025
Oxunuş sayı: 1252