Rafiq Verdiyev: Su resurslarının idarə olunması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir

Su resurslarının idarə olunması və iqlim dəyişmələrinə adaptasiya məsələləri Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.
Crossmedia.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, bunu agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, Uçot və Reyestr şöbəsinin müdiri Rafiq Verdiyev İsveçrənin Cenevrə şəhərində Transsərhəd Sulara dair Beynəlxalq Su Konvensiyasının İnteqrasiya olunmuş Su Resurslarının İdarəedilməsi, həmçinin Monitorinq və Qiymətləndirmə üzrə işçi qruplarının birgə 6-cı sessiyasında bildirib.
O qeyd edib ki, Azərbaycan uzun illərdir Konvensiyanın üzvüdür və bu istiqamətdə fəal əməkdaşlıq aparır.
Sessiyada Su Konvensiyasının 2025–2027-ci illər üzrə iş proqramının icrası, Konvensiyanın qlobal tətbiqi istiqamətində görülən işlər və Lyublianada keçirilən Tərəflərin 10-cu sessiyasında qəbul edilmiş qərarların yerinə yetirilməsi müzakirə olunub.
Azərbaycan nümayəndəsi çıxışında Xəzər dənizinin səviyyəsinin enməsi, iqlim dəyişmələrinin transsərhəd sulara təsiri və region ölkələrinin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsinin vacibliyi barədə danışıb. R.Verdiyev Konvensiyanın Katibliyini və beynəlxalq tərəfdaşları bu sahədə birgə fəaliyyətə daha çox dəstək verməyə çağırıb.
13:00 17.10.2025
Oxunuş sayı: 1233