Gürcüstan hakimiyyəti "dalandadır": Yeni siyasi qüvvələr...

Son günlər Gürcüstanın siyasi gündəminin əsas mövzularından biri hakim “Gürcü Arzusu” partiyasının Konstitusiya Məhkəməsinə müraciəti ilə bağlıdır. Partiyanın sədri, eyni zamanda Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən verilən açıqlamaya əsasən, yaxın vaxtlarda ölkədə təxminən on siyasi partiyanın fəaliyyətinin dayandırılması üçün hüquqi prosedura başlanılacaq. Bu məsələ artıq ictimai və siyasi dairələrdə geniş müzakirələr doğurub, müxtəlif çevrələrdə ölkənin demokratik gələcəyi baxımından fərqli yanaşmalar formalaşdırıb.
İrakli Kobaxidzenin sözlərinə görə, iddia sənədləri hazırlandıqdan sonra siyahıda yer alan partiyaların adları ictimaiyyətə təqdim olunacaq. O bildirib ki, siyahıya illərdir dövlət əleyhinə təxribat xarakterli fəaliyyətlə məşğul olan, həmçinin keçmiş Vahid Milli Hərəkatın idarəçiliyi dövründə yüksək vəzifələr tutmuş şəxslərin rəhbərlik etdiyi siyasi birliklər daxil edilib. Baş nazir bu addımın məqsədinin siyasi mühitdə süni qarşıdurmaların qarşısını almaq, sağlam rəqabət və məsuliyyətli siyasi qüvvələrin meydana çıxmasına şərait yaratmaq olduğunu qeyd edib.
Bu bəyanat Gürcüstanda siyasi plüralizm, söz və birləşmə azadlığı kimi demokratik dəyərlərin reallıqda hansı səviyyədə təmin olunduğu sualını yenidən gündəmə gətirib. Analitiklər bu təşəbbüsü bir tərəfdən ölkənin daxili təhlükəsizliyinin və siyasi sabitliyinin qorunması cəhdi kimi qiymətləndirir, digər tərəfdən isə onu siyasi rəqabətin məhdudlaşdırılması və hakimiyyətin mövqelərini gücləndirməyə yönəlmiş addım kimi dəyərləndirirlər.
Məsələ ilə bağlı politoloq Turab Rzayev Crossmedia.az - a danışıb:
"Gürcüstanda hazırda hakimiyyət bir sıra problemlərlə üzləşib. Bu problemlərin əsas mənbələrindən biri müxalifət partiyalarının seçkilərdən sonra baş verən proseslərə münasibəti ilə bağlıdır. Belə ki, müxalifət qüvvələrinin bir çoxu seçki prosesinin qeyri-şəffaf keçirildiyini iddia edərək nəticələri tanımayıb və parlament fəaliyyətində iştirakdan imtina ediblər. Nəticədə, parlament uzun müddət müxalifət nümayəndələrinin geri dönməsi üçün müxtəlif təşəbbüslər göstərməyə məcbur olub. Çünki onların parlamentdə iştirak etməməsi bu orqanın legitimliyini sual altına alırdı. Bununla yanaşı, müxalifətin seçkiləri tanımaması və Avropa İttifaqı (Aİ) Böyük Britaniya kimi ölkələrin də bu mövqeni bölüşməsi Gürcüstan hakimiyyətinin beynəlxalq arenadakı nüfuzuna ciddi zərbə vurmuşdu".
O bildirib ki, bu vəziyyət fonunda Aİ və digər beynəlxalq tərəfdaşlar Gürcüstan hökumətinə təzyiq göstərərək seçki nəticələrinin tanınmasına və siyasi dialoqun bərpasına çağırış edirdilər: "Buna baxmayaraq, hökumət bir sıra hallarda sərt addımlar ataraq, bəzi müxalifət liderlərinə qarşı cinayət işləri açdı, bəziləri həbs edildi.
Son bələdiyyə seçkiləri zamanı da oxşar mənzərə müşahidə olundu müxalifət partiyalarının böyük bir hissəsi seçkiləri boykot etdi. Yalnız iqtidarla müəyyən dərəcədə anlaşmış və ya kompromis mövqeyi sərgiləyən partiyalar prosesdə iştirak etdilər. Lakin əsas müxalif qüvvələr yenə də seçkidə iştirakdan imtina etdilər.
Bu vəziyyət həm seçkilərin legitimliyini, həm də seçilmiş nümayəndələrin hüquqi statusunu şübhə altına alır və Gürcüstan üzərində beynəlxalq ictimai təzyiqləri artırır.
Düşünürəm ki, hökumətin son qərarları da məhz bu kontekstdə qəbul edilib. Hakimiyyət, görünür, seçkiləri boykot edən, xarici fondlardan maliyyə və ya qrant dəstəyi alan vətəndaş cəmiyyəti institutlarını və onlarla əlaqəli təşkilatları siyasi prosesdən kənarlaşdırmaq niyyətindədir. Çünki bu qüvvələr parlamentdə təmsil olunmadıqları halda, onların siyasi iddiaları da zəifləyəcək".
Politoloq, həmçinin buradan məqsədin həmin partiyaları qeyri-leqal statusa salmaq və gələcək seçkilərdə onların iştirak imkanlarını məhdudlaşdırmaq olduğunu bildirib:
"Nəticədə, yeni siyasi qüvvələrin formalaşması və seçki prosesində iştirak etməsi üçün şərait yaradılacaq. Məncə, hökumət bu addımı məhz buna görə atır".
Elmir Heydərli
20:55 16.10.2025
Oxunuş sayı: 1743