Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb

Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqin (AZCON) Baş kommunikasiya inzibatçısı Əli Əliyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ("Caspian Construction Week") ikinci günündə məlumat verib.
O qeyd edib ki, azad edilmiş ərazilərdə “Azərpoçt” MMC tərəfindən poçt xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
"Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan rayonunun Ağalı kəndində, Xankəndidə, Şuşada, Laçın və Kəlbəcər rayonlarında “Azərpoçt” MMC-nin poçt şöbələri fəaliyyətə başlayıb.
Ərazilərin bərpası prosesində dəqiq və operativ informasiya təminatını gücləndirmək məqsədilə peyk texnologiyalarından geniş şəkildə istifadə olunur. “Azərkosmos” tərəfindən fiber-optik xətlərin və digər rabitə infrastrukturunun hələ mövcud olmadığı ərazilərdə peyk texnologiyaları vasitəsilə internet və daxili şəbəkə xidmətləri təmin edilir".
"Nəqliyyat, rabitə və rəqəmsal infrastruktur sahələrində növbəti mərhələdə aidiyyəti qurumlarla sıx və koordinasiyalı şəkildə əməkdaşlıq davam etdiriləcək", - deyə Ə. Əliyev vurğulayıb.
11:37 15.10.2025
Oxunuş sayı: 786