Sədr müavini: "Su infrastrukturunun yerin altında yerləşməsi çətinliklər yaradır"

Azərbaycanda bütün su infrastrukturunun yerin altında yerləşməsi çətinliklər yaradır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qurumun 9 ay ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu səbəbdən qəza hallarında xidmətlərin dərhal reaksiya verməsi zəruridir: "Qəzalar dünyanın hər yerində baş verə bilər. Əsas məsələ onların operativ şəkildə aradan qaldırılmasıdır. Çünki yeraltı şəbəkələrin uzun illər istismarı müəyyən problemlərin yaranmasına səbəb olur".
İ. Bayramov əlavə edib ki, su təchizatı ilə yanaşı tullantı sularının utilizasiyası da diqqətdə saxlanılır: "Bu istiqamətdə görülən tədbirlər həm ətraf mühitin qorunmasına, həm də insanların sağlamlığının təmin olunmasına xidmət edir. Əhalinin suya çıxışı ölkənin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bakı şəhərində və digər bölgələrdə suyun fasiləsiz təminatı daim nəzarətdə saxlanılır. Mövcud çətinliklər olsa da, onların aradan qaldırılması istiqamətində işlər görülür".
15:58 30.09.2025
Oxunuş sayı: 817