Hatayda “Zəfərə gedən yol” adlı anım mərasimi keçirilib

Türkiyənin Hatay
vilayətinin Payas şəhərində 27 Sentyabr – Anım Günü münasibətilə “Zəfərə gedən
yol” adlı anım mərasimi keçirilib.
Crossmedia.az-a daxil olan məlumata görə tədbir Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna
Dəstək Fondunun, Payas Bələdiyyəsinin və Hatay Azərbaycan Evinin birgə
təşkilatçılığı ilə qədim tarixə malik Sokullu Mehmet Paşa Külliyyesində baş
tutub.
Mərasimdə iki
qardaş ölkənin şəhidlərin əziz xatirəsi ehtiramla yad edildikdən sonra Türkiyə
və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Anım Günü ilə əlaqədar sosial mediada paylaşdığı
video və Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı, şanlı Zəfərimizdən
bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri açıq elan edən
Payas Bələdiyyəsinin sədri Bekir Altan qonaqları salamlayaraq, 44 günlük Vətən
müharibəsində Azərbaycanın qazandığı tarixi qələbənin önəmi, şəhidlərin əziz
xatirəsi, iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib.
Diasporla İş üzrə
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Payas kaymakamı Kürşad
Karaca və Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür çıxışlarında Azərbaycanın
haqq savaşında göstərdiyi iradənin və Türkiyənin bu müddətdə verdiyi mənəvi dəstəyin
əhəmiyyətindən bəhs ediblər. İki qardaş ölkənin sarsılmaz qardaşlıq və dostluq
əlaqələrinə toxunaraq, istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik
nümayiş etdirdiyi faktlarla diqqətə çatdırılıb.
Çıxış edənlər iki
xalqın Ümummilli liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət”
fikirlərini xatırladaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz
arasındakı münasibətləri bu tarixi düstur əsasında uğurla davam etdirdiyini
vurğulayıblar.
Dövlət qurumlarının,
diasporun fəallarının və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi
tədbirin sonunda Xalq artisti Azərinin ifasında "Çırpınırdın, Qara
dəniz" mahnısının sədaları altında Azərbaycan və Türkiyənin şanlı
bayraqları dalğalandırılıb.
20:43 29.09.2025
Oxunuş sayı: 829