Tramp və Ərdoğan Ağ Evdə görüşdü

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oval kabinetdə görüş keçiriblər.
Crossmedia.az bildirir ki, danışıqların əsas mövzusu F-35 qırıcılarının Türkiyəyə təchizatı və Ankaraya qarşı tətbiq olunan ABŞ sanksiyalarının aradan qaldırılması olub. Tramp qeyd edib ki, məhdudiyyətlərin götürülməsi ilə bağlı qərar görüş uğurlu nəticələnərsə, “demək olar ki, dərhal” verilə bilər. O, müzakirələrin ciddi olacağını və hər iki tərəfin müəyyən ehtiyaclarının mövcudluğunu vurğulayıb, Ərdoğanın isə istədiyi nəticəyə nail ola biləcəyinə inamını ifadə edib.
ABŞ prezidenti həmçinin Türkiyəni Rusiya neftinin alınmasından imtina etməyə çağırıb və bunun birbaşa Ukraynada davam edən müharibə ilə əlaqəli olduğunu bildirib. Bununla yanaşı, Tramp Ərdoğanı yüksək qiymətləndirib və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb.
Ərdoğan isə cavabında yalnız F-35 deyil, həmçinin F-16 qırıcılarının məsələsini və digər ikitərəfli mövzuları müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
Görüş zamanı Yaxın Şərqdəki vəziyyət də gündəmə gətirilib. Tramp İsrail və HƏMAS arasında Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyanın vasitəçiliyi ilə atəşkəs və girovların azad olunması barədə razılığa yaxın olduqlarını bəyan edib.
Ukrayna məsələsinə toxunan Tramp bildirib ki, Rusiya genişmiqyaslı bombardmanlara baxmayaraq, əhəmiyyətli ərazi uğurları əldə edə bilməyib. O əlavə edib ki, Ərdoğan münaqişənin həllində mühüm rol oynaya bilər və türk liderinin beynəlxalq aləmdə yüksək nüfuza malik olduğunu vurğulayıb.
13:19 26.09.2025
Oxunuş sayı: 3356