Azərbaycan–Türkiyə təhsil əməkdaşlığında yeni dövr - MÜSAHİBƏ

Azərbaycan və Türkiyə arasındakı
strateji tərəfdaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır,
həm də təhsil sahəsində dinamik əməkdaşlıqla diqqət çəkir. Son dövrlərdə iki
ölkə arasında təhsil, o cümlədən peşə təhsili sahəsində əlaqələrin genişlənməsi
qarşılıqlı maraq doğuran layihələrin reallaşmasına imkan yaradır. Azərbaycan
Baş naziri Əli Əsədovun Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşü bu əməkdaşlığın
yeni mərhələsini göstərir. Görüşdə gələcək tədris ilindən İstanbulda Azərbaycan
məktəbinin açılması, Qarabağ Universiteti və digər region məktəblərinə səfərlər,
həmçinin təhsil sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması kimi önəmli məsələlər
müzakirə olunmuşdur.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov
Crossmedia.az-ın suallarını cavablandırıb:
-Azərbaycanın Baş naziri Əli Əsədov
Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb. Bu konteksdə tərəflər
arasında təhsil sahəsində əməkdaşlığın inkişafını və perspektivini necə qiymətləndirirsiniz?
-Azərbaycan ilə Türkiyə arasında təhsil
sahəsində əməkdaşlığın dərinləşməsi müasir dövrdə regional və qlobal
inteqrasiyanın mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Təhlil göstərir
ki, iki ölkə arasında tarixi, mədəni və strateji yaxınlıq təhsil sahəsində də
qarşılıqlı addımların atılmasını zəruri edir. Bu əməkdaşlıq sadəcə tələbə və müəllim
mübadiləsi ilə məhdudlaşmır, həm də tədris proqramlarının uyğunlaşdırılması,
peşə təhsilində birgə layihələr, diaspor üçün məktəblərin yaradılması və kadr
hazırlığının gücləndirilməsi istiqamətlərini əhatə edir. Statistikaya əsasən,
hazırda Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə müxtəlif universitetlərdə təhsil
alır, Azərbaycanda isə minlərlə türk gənci oxuyur. Bu rəqəmlər göstərir ki, təhsil
əlaqələri artıq təkcə diplomatik deyil, həm də praktik baxımdan mühüm əhəmiyyət
kəsb edir.
-Növbəti tədris ilindən Türkiyənin
İstanbul şəhərində Azərbaycan məktəbinin açılacağı bildirilib. Bu ikitərəfli əlaqələrə
necə təsir edəcək?
-İstanbulda Azərbaycan məktəbinin
açılması bu əməkdaşlığın ən vacib nəticələrindən biri olacaq. Bu addım bir tərəfdən
Türkiyədə yaşayan azərbaycanlı ailələrin övladlarının milli təhsil almasını təmin
edəcək, digər tərəfdən isə Azərbaycan təhsil modelinin xarici ölkədə
tanıdılmasına şərait yaradacaq. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində göstərilir
ki, Azərbaycan Respublikası beynəlxalq əməkdaşlığı genişləndirir və qabaqcıl təcrübələrin
öyrənilməsini təmin edir. Həmin müddəa xaricdə Azərbaycan məktəblərinin
açılmasına hüquqi və konseptual əsas yaradır. Dünya təcrübəsində də diaspor məktəbləri
milli kimliyin qorunması üçün ən mühüm vasitə hesab olunur. Məsələn, Almaniyada
türk məktəbləri, Fransada isə Çin məktəbləri həm dilin, həm də milli mədəniyyətin
yaşadılmasına xidmət edir.
-Səfər çərçivəsində imzalanmış təhsil
və peşə təhsili sahəsində əməkdaşlığa dair sənədlər də imzalanıb. Konkret sahələrdə
əməkdaşlıq niyə vacibdir?
-Peşə təhsili üzrə əməkdaşlıq xüsusi
diqqət tələb edir. Azərbaycanda 100 mindən çox şagird peşə təhsil müəssisələrində
oxuyur, amma bu təhsil forması hələ də əmək bazarının real tələblərinə cavab
vermir. Türkiyə isə texnologiya, kənd təsərrüfatı, turizm və sənaye istiqamətində
müasir peşə məktəbi modelləri formalaşdırıb. İmzalanmış sənədlər əmək bazarına
uyğun kadr hazırlığının gücləndirilməsi, birgə təlim proqramlarının həyata
keçirilməsi və yeni texniki ixtisasların tətbiqi baxımından vacibdir. “Təhsil
haqqında” Qanunun 14-cü maddəsində peşə təhsilinin məqsədi əmək bazarının
ehtiyaclarını ödəyən mütəxəssislərin hazırlanması kimi müəyyən olunub ki, bu əməkdaşlıq
həmin müddəanın icrasını daha da gücləndirəcək.
Müsbət tərəfi odur ki, bu əməkdaşlıq
həm müəllimlərin, həm də tələbələrin beynəlxalq təcrübədən faydalanmasına şərait
yaradacaq, təhsil sistemimizi yeni yanaşmalarla zənginləşdirəcək. Azərbaycan məktəblərində
STEM və rəqəmsal bacarıqların inkişafına dair Türkiyənin son illərdə tətbiq
etdiyi metodlardan istifadə olunması, məktəb-ailə əməkdaşlığının gücləndirilməsi
və peşə təhsilində modul əsaslı yanaşmanın tətbiqi böyük fayda gətirəcək. Dünya
təcrübəsində də məhz bu cür ikitərəfli əməkdaşlıqlar təhsilin keyfiyyətini yüksəldir
və gənclərin beynəlxalq əmək bazarına çıxış imkanlarını artırır.
Mənfi tərəfi isə ondan ibarət ola
bilər ki, əməkdaşlıq yalnız sənədlərdə qalsa və praktik icra zəif olsa, gözlənilən
nəticəni verməz. Həmçinin, Türkiyə təhsil sisteminin müəyyən problemlərinin – məsələn,
müəllim yüklənməsi, mərkəzləşmiş imtahanların gərginliyi – kor-koranə Azərbaycana
tətbiqi əlavə çətinlik yarada bilər. Buna görə də adaptasiya prosesi diqqətlə
aparılmalı, yalnız yerli şəraitə uyğun effektiv modellər götürülməlidir.
-Qarşıdakı dövrdə Azərbaycan Türkiyə
təhsil sistemindəki hansı yenilikləri tətbiq edə bilər?
-Müqayisə etsək, Avropa İttifaqı ölkələrində
Erasmus+ proqramı tələbə və müəllim mübadiləsi vasitəsilə universitetlərin beynəlxalq
rəqabət qabiliyyətini artırır. Azərbaycan–Türkiyə əməkdaşlığı da eyni model üzərində
qurulsa, region üçün mühüm nəticələr verə bilər. Yaxın dövrdə dəyişəcək əsas məqam
ondan ibarət olacaq ki, bu əməkdaşlıq nəticəsində Azərbaycanda həm orta, həm də
peşə təhsilində yeni proqramlar açılacaq, ali məktəblər arasında ikili diplom layihələri
çoxalacaq və diaspora məktəbləri vasitəsilə milli təhsil modelimiz xaricdə də tətbiq
ediləcək.
Bütün bu istiqamətlərin həyata
keçirilməsi Elm və Təhsil Nazirliyinin uğurlu siyasətindən xəbər verir.
Nazirliyin prinsipial mövqeyi, beynəlxalq təcrübəyə açıq olması və ikitərəfli əməkdaşlıqlara
xüsusi önəm verməsi təqdirəlayiqdir. Bu siyasət həm milli maraqların
qorunmasına, həm də Azərbaycanın təhsil sisteminin beynəlxalq nüfuzunun
artmasına xidmət edəcək. Nazirliyin gördüyü işlər əsaslandırılmış və strateji
baxımdan düzgün addımlardır və bu prosesin davamlı olması ölkənin gələcək kadr
potensialını daha da gücləndirəcək.
Mehriban
Yariyeva
19:39 24.09.2025
Oxunuş sayı: 1143