Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi

Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi" adlı konsert keçirilib.
Crossmedia.az xəbər verir ki, konsertdən əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Üzeyir Hacıbəylinin yaradıcılığının xalqımızın mədəni yaddaşındakı əhəmiyyətindən və onun əsərlərinin bu gün də sevgi ilə dinlənilməsindən danışıb.
Rafael Hüseynov qeyd edib ki, Azərbaycan xalqının iki böyük dahisi – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – illərdir xalqımızın qəlbində əbədi yaşayır. XX əsrin əvvəllərindən etibarən bu sənətkarlar Azərbaycan mədəniyyətinin, musiqisinin və mənəviyyatının inkişafı yolunda əvəzsiz xidmətlər göstərib, milli dəyərlərimizi zənginləşdirərək yeni nəsillərə ötürüblər.
Sonra konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrə Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, Əməkdar incəsənət xadimi Kanat Omarov rəhbərlik edib.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" ilə başlayıb. Sonra proqramda Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan olan sənətçilərin əsərləri səsləndirilib.
Daha sonra Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova, solist Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov, vokal ifaçısı Nigar Əsgərova olub.
Sonda Ramil Qasımov Müslüm Maqomayevin “Radio marşı"nı ifa edib. Mahnının sözləri Rafael Hüseynova məxsusdur.
22:50 22.09.2025
Oxunuş sayı: 967