Alimlər xəbərdarlıq etdi: Yerə maqnit qasırğası yaxınlaşır
Oktyabrın 9-da Yerə çatan plazma buludunun maqnit qasırğalarına səbəb olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bu barədə “Telegram” kanalında məlumat yayıb.
Alimlərin proqnozuna görə, Günəşdən atılan plazma buludu cümə günü səhər Yerə çatacaq. Onun planetə təsiri nəticəsində maqnit qasırğaları və digər kosmik hava hadisələri, o cümlədən qütb parıltıları müşahidə oluna bilər.
Mütəxəssislər maqnit qasırğasının gücünün orta səviyyədə — G2 kateqoriyasında olacağını və 10-12 saat davam edəcəyini bildiriblər.
Astronomların məlumatına görə, Günəşdə aktiv sahələrin artımı dayanıb və bu, müşahidə olunan alışmaların gücünün kəskin azalmasına səbəb olub. Hazırda Günəşdə aktivlik C sinfi səviyyəsindədir və daha güclü alışmaların yaxın zamanda yenidən baş verəcəyinə dair əlamət yoxdur.
Qeyd edək ki, iki gün əvvəl Günəşdə M1.1 sinifli güclü alışma qeydə alınmışdı. Bundan əvvəl bu gücə yaxın alışma təxminən bir ay əvvəl müşahidə olunmuşdu.
22:56 07.10.2026
Oxunuş sayı: 59