Fransa yanacaq qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatlarını açır
Fransa strateji ehtiyatlarından 10 milyon barel dizel yanacağını bazara çıxararaq yanacaqdoldurma məntəqələrində qiymətləri azaltmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun rəsmi saytında G7 ölkələrinin enerji bazarını sabitləşdirmək üçün strateji ehtiyatlardan 100 milyon barelədək neft məhsulu buraxmaq barədə razılığa gəldiyi bildirilib.
Fransanın Baş naziri Sebastyen Lekornyu bildirib ki, ölkənin strateji ehtiyatlarından ayrılacaq 10 milyon barel dizel yanacağının bazara çıxarılması nəticəsində yanacaqdoldurma məntəqələrində bir litr dizelin qiyməti 12-18 sent aşağı düşə bilər.
Baş nazirin sözlərinə görə, yanacağın bazara çıxarılması üç ay ərzində həyata keçiriləcək. Bununla bağlı müvafiq fərmanın imzalanması nəzərdə tutulur.
Lekornyu qeyd edib ki, dünya bazarlarında qiymət dəyişiklikləri davam etsə də, bu tədbir yanacağın bahalaşmasının istehlakçılara təsirini qismən azaltmağa imkan verəcək.
Fransa hökuməti həmçinin enerji təhlükəsizliyinin qorunması üçün ehtiyatların həcminə nəzarət edəcək. Yanacaq operatorlarına istifadə etdikləri ehtiyatları bərpa etmək üçün bir ilə qədər vaxt veriləcək.
23:12 07.10.2026
Oxunuş sayı: 56