Özbəkistan Əfqanıstana 57 hərbi vertolyot təhvil verəcək

Özbəkistan yaxın gələcəkdə Əfqanıstana 57 hərbi vertolyot verəcək.
Crossmedia.az bildirir ki, bunu Əfqanıstan İslam Əmirliyinin rəsmi nümayəndəsi Zabihullah Mucahid açıqlayıb. O bildirib ki, texnologiyanın verilməsi ölkənin aviasiyasını gücləndirəcək və qonşu dövlətlərlə münasibətləri möhkəmləndirəcək. Niyə məhz 57 vertolyotun verildiyi açıqlanmayıb.
Qeyd olunur ki, sözügedən texnika əvvəlki rejimin əfqan hərbçiləri tərəfindən 2021-ci ildə ölkədən çıxarılıb. Həmin vaxt Özbəkistana 22 təyyarə və 24 vertolyot gətirilmiş, 18 texnika isə Tacikistanda qalmışdı. Onlar arasında A-29, Mi-17, UH-60 və MD-530 modelləri var.
Əvvəllər Özbəkistan hakimiyyəti açıqlamışdı ki, texnika ABŞ-a məxsusdur və onu geri qaytarmaq mümkün deyil. Vaşinqton da vurğulamışdı ki, təyyarə və vertolyotlar Özbəkistanda qalacaq.
Kabul illərdir aviatexnikanın milli aktivlər kimi geri qaytarılmasını tələb edirdi. Bu ilin iyul ayında Əfqanıstan ordusunun Baş Qərargah rəisi Fasixuddin Fitrat etiraf etmişdi ki, bu səylər hələ nəticə verməyib.
19:48 12.09.2025
Oxunuş sayı: 1338