Dağıdıcı sel minlərlə insanı apardı – Nepalda axtarışlar dayandırıldı
Nepalda avqust ayında baş verən dağıdıcı sel fəlakətindən sonra axtarış-xilasetmə işləri dayandırılıb. Təbii fəlakət nəticəsində azı 1 455 nəfər həyatını itirib, 5 285 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Avqustun 26-da baş verən seldən sonra Nepal hakimiyyəti əsas diqqətin ərazilərin yenidən qurulmasına və bərpa işlərinə yönəldiləcəyini açıqlayıb. İtkin düşən minlərlə şəxsin hüquqi baxımdan ölü elan edilməsi ilə bağlı prosedur da nəzərdən keçirilir.
Himalay dağlarında buzlaq çöküşünün səbəb olduğu sel yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurub. Evlər, yollar və körpələr dağılıb, minlərlə insanla əlaqə kəsilib.
İndiyədək 1 455 nəfərin meyiti aşkarlanıb, 13 795 nəfər xilas edilib. Lakin onların arasında yüzlərlə xarici vətəndaşın da olduğu 5 285 nəfərin taleyi hələ məlum deyil.
Səlahiyyətlilər aktiv axtarış işlərinin başa çatdırılmasından sonra bölgənin yenidən qurulmasına diqqət yetiriləcəyini bildiriblər. Bərpa işləri zamanı aşkarlanan meyitlərin çıxarılması davam etdiriləcək. Zərurət yarandıqda təcili xilasetmə tədbirləri də həyata keçiriləcək.
İtkinlərin yaxınları üçün isə hüquqi prosedurun başlanması gündəmdədir. Ailələrin bank, miras və sığorta məsələlərini həll edə bilməsi üçün itkin şəxslərin hüquqi baxımdan ölü elan edilməsi nəzərdən keçirilir. Lakin bununla bağlı proses hələ yekunlaşmayıb.
17:33 08.10.2026
Oxunuş sayı: 128