İran ABŞ-yə cavabını vasitəçilər üzərindən verəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-la aparılan danışıqlarda Tehranın mövqeyinin aydın olduğunu və Vaşinqtonun təkliflərinə cavabın vasitəçilər üzərindən təqdim ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Bəqayi İran-ABŞ danışıqlarında son vəziyyəti qiymətləndirərkən Tehranın müharibənin dayandırılması və regionda təhlükəsizliyin bərpası ilə bağlı mövqeyinin “aydın” olduğunu deyib.
Onun sözlərinə görə, İran bütün cəbhələrdə ona qarşı tətbiq edilən müharibənin dayandırılması, həmçinin Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin yenidən təmin olunması ilə bağlı şərtlərini açıq şəkildə ifadə edib.
İran rəsmisi ABŞ-ın təkliflərinə lazımi cavabın vasitəçilər vasitəsilə çatdırılacağını bildirib.
Bəqayi İran və ABŞ arasında birbaşa təmasların olmadığını vurğulayıb. O qeyd edib ki, iki ölkə arasında mesaj mübadiləsi vasitəçilər üzərindən həyata keçirilir.
İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə Nyu-York səfəri zamanı Hörmüz boğazının açılması və müharibənin dayandırılması ilə bağlı 7 günlük plan açıqlamışdı.
İranın bu planı vasitəçilər üzərindən ABŞ-a təqdim etdiyi, Vaşinqtonun da sənədlə bağlı öz mövqeyini Tehrana çatdırdığı bildirilir.
Plan ABŞ-ın müəyyən şərtləri yerinə yetirməsi halında Hörmüz boğazının yenidən açılmasını, bundan sonra isə yekun razılaşma üzrə danışıqlara başlanmasını nəzərdə tutur.
17:27 08.10.2026
Oxunuş sayı: 48