Qarabağ və Şərqi Zəngəzurda yaradılacaq su ehtiyatının həcmi açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatının təmin olunması üçün layihə-smeta sənədləri artıq təsdiqlənib. "Bir neçə anbar - Xaçınçay, Köndələnçay anbarları bərpa olunub. Zabuxçay su anbarının inşası və Zabuxçaydan çıxan 51 km uzunluğunda magistral boru xəttinin inşası həyata keçirilib. Bu regionda Həkəriçay və Bərgüşadçay su anbarlarının inşası istiqamətində işlər aparılır".
İ.Bayramov bildirib ki, bu anbarlardan suyun paylanmasına bağlı həm magistral xətlər, eyni zamanda bərpası həyata keçirilən şəhərlərin xarici su təchizatı və tullantı sularının idarə olunması üçün sistemlər və infrastrukturun yaradılması istiqamətində işlər həyata keçirilir.
12:51 11.09.2025
Oxunuş sayı: 629