İsrail Qəzzanı tam işğal edəcək, ABŞ isə... - MÜSAHİBƏ

İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, İsrail ordusu
yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar
yerli sakinlər oranı dərhal tərk etməlidirlər.
O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada
bir neçə çoxmərtəbəli binanı dağıdıb.
"Bütün
bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və
hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan
fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə
xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.
İsrail bütün beynəlxalq təzyiqlərə baxmayaraq, dayanana oxşamır.
İddiası və ambisiyası isə getdikcə artır. Netanyahunun ritorikasından belə
çıxır ki, o, Yaxın Şərqdə “daşı – daş üstündə” saxlamaq niyyətində deyil.
Professor, politoloq Əlimusa İbrahimov Netanyahunun
səsləndirdiyi fikirlər və Yaxın Şərqdəki proseslərin gələcək inkişafı barədə
Crossmedia.az-ın suallarını cavablandırın:
-
Baş nazir Benyamin Netanyahu
deyib ki, İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək,
bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər. Bu zərurət nədən
xəbər verir? İsrail niyə buna gedir?
-
Netanyahu bir tərəfdən
HƏMAS-la danışıqlar apardığını deyir, digər tərəfdənsə Qəzzada əməliyyatların
genişləndirilməsindən danışır. Bunun hansının daha real olduğunu demək çətindir.
Amma fikirmcə, Qəzzada əməliyyatların genişlənləndirilməsi daha ağlabatan
variandır. Məsələ burasındadır ki, HƏMAS İsrail qoşunlarının Qəzzadan çıxmasını
tələb edir. Netanyahu isə düşünür ki, Qəzzanı tamamilə boşaltmaqla həm də
HƏMAS-ı məhv edə bilər. Onun danışıqlar barədə səsləndirdiyi fikirlər daha çox
ölkə əhalisini sakitləşdirməyə, guya girovlarıazad etməyə çalışdığını göstərməyə
hesablanıb. Reallıqda isə belə deyil. İsrail Baş naziri Qəzzanı boşaltmağı hər
şeydən üstün tutur. Baş nazir gələcəkdə Qəzzada qurulacaq infrasuktura nəzarət
etmək istəyir. Digər tərəfdən, o, Qəzzada olan 2 milyona yaxın sakinin başqa əraziyə
köçürülməsinə çalışır. Netanyahu buna çoxdan çalışsa da, hələ ki, nail ola
bilmir. Ərəb ölkələri buna razı deyil. Bəlkə də, gələcəkdə hansısa Afrika ölkəsindən
müsbət cavab gələr. Amma əsas məsələ budur ki, Qəzza əhalisi köçməyə razı
deyil. İsrailin uğur qazana biləcəyinə inanmıram. Amma rəsmi Təl- Əviv Qəzzanı
işğal etməkdə israrlıdır. Odur ki, yerli əhaliyə müntəzəm xəbərdarlıqlar
edilir.
-
Sizcə, İsrail özünə niyə belə
arxayındır, yoxsa sadəcə irəli getməkdən başqa yolu yoxdur?
- Düşünürəm ki, İsrail addım- addım olsa da, Qəzzanı işğal edə biləcək. Məlumata görə, artıq Qəzzanın 40 faizi tutulub. İsrail hakimiyyəti düşünür ki, HƏMAS-ı yox etmək istəyirsə, Qəzzanı tamamilə tutmaqdan başqa yolu yoxdur. Digər tərəfdən, nə qədər ki, Qəzza öz mövcudluğunu qoruyur, problem də həllini tapmayacaq. İsrailə qarşı reaksiyalar və ikidövlətli həll yolu ilə səylər davam edəcək. Bu gün İsrail- HƏMAS müharibəsi fonunda bir çox dövlət Fələstini tanıyır və İsrailə təzyiq göstərir.
-
ABŞ İsrailin bu addımına necə
reaksiya verəcək?
-
ABŞ –nin İsrailin arxasında
dayanması bu dövlətin əl- qolunu bir az
da açır. ABŞ İsraili heç vaxt tək qoymayacaq. ABŞ-nin müharibəni dayandırmaqla
bağlı xəbərdarlıqlarına baxmayaraq, İsrail başa düşür ki, Vaşinqton onun
yanındadır. Yəni Təl- Əviv Ağ Evə arxayındır. İkinci bir tərəfdənsə, ikidövlətli
həll yolu İsraili Qəzzada daha ciddi olmağa vadar edir. ABŞ İsrailin Qəzzanın
tamamilə boşaldılması ambisiyasına qarşı çıxmayacaq. ABŞ Prezidenti Donald
Tramp sülhün tərəfdarı olduğunu dediyinə görə zaman- zaman İsrailə çağırışlar
edir. Amma müharibə başlayandan bəri Təl- Əviv dəfələrlə Vaşinqtonun
çağırışlarına reaksiya verməyib. İsrail yalnız maraqlarına cavab verdiyi
ABŞ-nin sözünü eşidir. Əgər İsrail Qəzzanı boşaltmağı qarşısına məqsəd qoyubsa,
ABŞ çətin ki, buna mane olmağı bacarsın. ABŞ bu gün geniş mənada İsrailin Yaxın
Şərq siyasətinin qarşısını almaqda acizdir. Özünü bu siyasətə qarşı çıxmış göstərsə
də, əslində İsraili dəstəkləməyə məcbur qalır. İsrailin İrana hücumunda da bunu
gördük.
-
Bəs Türkiyə?
-
Qəzzanın boşaldılmasına heç
bir dövlət, o cümlədən Türkiyə müsbət yanaşmayacaq. Amma Türkiyə hazırkı
mövqeyindən daha da irəli gedərək İsrailə qarşı hansısa tədbir görməz. Türkiyənin
atacağı addmı ancaq siyasi tribunalarda olacaq. Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda
İsrailin əlehinə bəyanatlar verməyə davam etməklə kifayətlənəcək. Nəzərə almaq
lazımdır ki, İsrailin arxasında ABŞ var. Ankara da bunu başa düşür.
- Yeri gəlmişkən, İsrail növbəti
dəfə İranı hədəf ala bilərmi?
-
İrana qarşı müharibə
İsrailin gündəliyindədir. Yaxın aylar içində İsrail Qəzzadakı əməliyyatı başa
çatdırdıqdan sonra yenidən İrana qarşı müharibəyə başlayacaq.
-
ABŞ ilə İran nüvə məsələsi
üzrə dialoqun yenidən başlayacağı bir vaxtda İsrail nə edə bilər?
-
Danışıqlar nəticə verməkdədir.
Amma danışıqlar lazımi nəticə verməsə, yəni Tehran Vaşinqtonun şərtlərini qəbul
etməsə, ABŞ və İsrail yenidən hücuma keçəcək. Çünki İsrailin məqsədi təkcə nüvə
proqramına mane olmaq deyil, həm də İranın raket texnologiyasının qarşısını
almaqdır. İsrail 12 günlük müharibədə nail olmadıqlarını növbətə savaşda
reallaşdırmaq istəyəcək. Bu mənada növbədə müharibə ehtimalı çoxdur.
Kənan Novruzov
16:10 09.09.2025
Oxunuş sayı: 4071