Nepalda sosial şəbəkələrin bloklanmasına qarşı kütləvi etirazlar baş qaldırıb

Nepalın paytaxtı Katmanduda minlərlə insan hökumətin sosial şəbəkələri bloklaması qərarına qarşı küçələrə çıxıb. Etirazçılar “Facebook”, “X”, “YouTube” və digər platformaların qadağan olunmasına qarşı narazılıqlarını ifadə ediblər. Hakimiyyət bu şəbəkələri ölkədə qeydiyyata düşmədiklərinə görə bağladığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, nümayişçilər parlament binasını mühasirəyə alaraq, təhlükəsizlik qüvvələrinin qurduğu sədləri aşmağa cəhd ediblər. Polis kütləni dağıtmaq üçün əvvəlcə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Lakin vəziyyət gərginləşdiyindən hüquq-mühafizə orqanları atəş açıb. Hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
Bunun ardınca Katmanduda komendant saatı elan olunub. Yerli media bildirir ki, hökumətin bu addımı ölkədə söz azadlığı və internet azadlığı ilə bağlı ciddi narazılıqlara səbəb olub. Ekspertlər hesab edirlər ki, sosial şəbəkələrin bağlanması həm ictimai narazılıqları artıracaq, həm də ölkənin beynəlxalq imicinə mənfi təsir göstərə bilər.
22:48 08.09.2025
Oxunuş sayı: 1556